...

Bakıda polis idarəsinin yeni inzibati binasının açılışı olub

Siyasət Materials 6 May 2010 17:30 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 6-da Səbail rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Bakıda polis idarəsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 6-da Səbail rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Məlumatı cümə axşamı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti yayıb.

Daxili işlər naziri açılışı bildirən lenti kəsib, bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 2870 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 49 xidməti otaq, yeməkxana, sahəsi 306,8 kvadratmetr olan akt zalı vardır. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb, foyedə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub. Görülən işləri yüksək qiymətləndirən nazir Səbail RPİ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə edib, tövsiyələrini verib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına (DİO) göstərdiyi ali diqqət və qayğı nəticəsində təkcə ötən il onlarla yeni infrastruktur obyekt tikilib istismara verilib, lazımi texniki vasitələr və avadanlıqlar alınıb. Dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyinin müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanıb. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərib, onları xidməti vəzifə borcunun icrasına ruhlandırıb.

DİN rəhbəri əmin olduğunu bildirib ki, Səbail RPİ-nin şəxsi heyəti bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, ölkə paytaxtında sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Yeri gəlmişkən, ümummilli liderin anadan olmasının 87-ci ildönümü ərəfəsində respublikamızın Göygöl, Qusar və Oğuz rayonlarında da polis şöbələri üçün yeni inzibati binalar istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti