...

Azərbaycan Prezidenti İham Əliyev "İntizar" operasının yeni quruluşda premyerasına tamaşa edib

Siyasət Materials 12 May 2010 06:48 (UTC +04:00)
Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində mayın 11-də Heydər Əliyev Sarayında Xalq Artisti Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerası olub. Məlumatı AzərTAc Dövlət Informasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İham Əliyev "İntizar" operasının yeni quruluşda premyerasına tamaşa edib

Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində mayın 11-də Heydər Əliyev Sarayında Xalq Artisti Firəngiz Əlizadənin "İntizar" operasının yeni quruluşda premyerası olub. Məlumatı AzərTAc Dövlət Informasiya Agentliyi yayıb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva premyeraya tamaşa ediblər.

Saraya toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşılayıb.

Heydər Əliyev Fondu yeni Beynəlxalq musiqi layihəsini - çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Firəngiz Əlizadənin "İntizar" operasının yeni quruluşda premyerasını təqdim edib.

Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.

Operanın yeni quruluşu müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanıb. Əsər boyu əsas vokal formaların təqdimat tərzində, obrazların təsvirində ənənəvi vasitələrlə yanaşı, obraz-yaradıcı komponent kimi, müasir səhnə plastikası və xoreoqrafiyanın imkanlarından geniş istifadə olunub. Xor səhnələrinin xoreoqrafik çevikliyi və rəngarəngliyi, hərəkət uyğunluğu hadisələrin dramaturji axarına dinamiklik gətirir. Tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr, (hərəkətli səhnə, video-installyasiya, mürəkkəb işıq palitrası geniş tətbiq olunmuşdur. Yeni quruluşun fərqləndirici cəhətlərindən biri də ifaçı heyətin gənclərdən ibarət olmasıdır.

Opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəli hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.

Əsər bir daha nümayiş etdirir ki, şər qüvvələrin basqısı nə qədər dəhşətli və güclü olsa belə, onlar vətən sevgisi, ailə məhəbbəti ilə saf və inamlı həyat yaşayan insanların nə müqavimətini qırmaq, nə də onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyildir. Hadisələrin faciəli axarına baxmayaraq, əsər əmin-amanlıq, xoşbəxtlik və ədalətin intizarında olan, gələcəyə inam və ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir. Səmada "Ağ atlı"nın peyda olması qazanılacaq qələbənin intizarında olan bütün insanlara ümid işarəsidir.

Bu ümid və inam doğma torpaqların azadlığını nəyin bahasına olursa-olsun gerçəkliyə çevirəcəkdir.

Xəbər lenti

Xəbər lenti