...

Təbii fəlakət zonasında əhali arasında silahlı insidentin baş verməsi ilə bağlı məlumatlar yanlışdır - Azərbaycan Baş Prokurorluğu

Siyasət Materials 12 May 2010 12:12 (UTC +04:00)
Baş Prokurorluq tərəfindən aparılan araşdırma ilə müəyyən edilib ki, həmin informasiya həqiqətə uyğun deyil və təbii fəlakət zonasında əhali arasında hər hansı bir qarşıdurma və yaxud insident baş verməyib.
Təbii fəlakət zonasında əhali arasında silahlı insidentin baş verməsi ilə bağlı məlumatlar yanlışdır - Azərbaycan Baş Prokurorluğu

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakət zamanı Sabirabad və Hacıqabul rayonlarının sakinləri arasında silahlı insidentin baş verməsi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mətbuatda mayın 8-də gecə saatlarında Hacıqabul rayonunun Abduluşaq kənd sakinləri ilə Sabirabad rayonunun Həşimxanlı, Ətcələr, Qəzli və Quruzma kənd sakinləri arasında silahlı insidentin baş verməsi barədə informasiya yayılıb.

Baş Prokurorluq tərəfindən aparılan araşdırma ilə müəyyən edilib ki, həmin informasiya həqiqətə uyğun deyil və təbii fəlakət zonasında əhali arasında hər hansı bir qarşıdurma və yaxud insident baş verməyib.

Baş Prokurorluq hesab edir ki, vətəndaşlarımızın təbii fəlakət nəticəsində problemlərlə üzləşdiyi bir vaxtda, sensasiya xatirinə yazılmış həmin məlumat real faktlara söykənmədən hazırlanıb və cəmiyyətdə çaşqınlıq yaranmasına yönəlmiş uğursuz cəhd kimi qiymətləndirilir.

Baş Prokurorluq Kütləvi İnformasiya Vasitələri nümayəndələri tərəfindən bu kimi halların gələcəkdə təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq-mühafizə orqanlarının, o cümlədən, Baş Prokurorluğun mətbuat xidmətləri ilə dəqiqləşdirmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti