...

Azərbaycanla yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib - Gürcüstanın birinci xanımı

Siyasət Materials 13 May 2010 16:37 (UTC +04:00)
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs Bakıda bəyan edib ki, Azərbaycanla yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib.
Azərbaycanla yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib - Gürcüstanın birinci xanımı

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs Bakıda bəyan edib ki, Azərbaycanla yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib.

"Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva görüşümüzdə Gürcüstanla Azərbaycan arasında olan bəzi önəmli məsələləri müzakirə etmişik. Bizim hamımız üçün ərazi bütövlüyü ən həssas məsələdir. Görüşdə yeni əməkdaşlıq sahələri müəyyənləşdirilib", - Trend-in məlumatına görə, bunu Sandra Elizabet Rulofs cümə axşamı Bakıda Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşündə deyib.

Gürcüstanın birinci xanımı deyib ki, bundan sonra Azərbaycan və Gürcüstan arasında məktəbli mübadiləsi ediləcək.

"Bundan başqa, Bakı ilə Tbilisi arasında teatrlar arasında əməkdaşlıq edəcəyik. Biz bu gün Talassemiya Mərkəzində də olduq və Mehriban xanımla qan xəstəliklərinin azaldılması sahəsində də əməkdaşlıq edəcəyik", - Gürcüstanın birinci xanımı bildirib.

"Azərbaycan Parlamentinin müxtəlif beynəlxalq təşkilatlardakı nümayəndələri Gürcüstanla bağlı məsələlərin müzakirəsi zamanı strateji müttəfiq olan bu ölkəni dəstəkləyirlər. Bizim parlamentlərimiz arasında bir çox başqa sahələr üzrə də əməkdaşlığımız genişlənir", - görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bu iki ölkə arasında ən möhkəm körpüdür.

"Siz də Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı layihələrə dəstəyinizi əsirgəmirsiniz. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşayan gürcülərin təhsil və mədəniyyət sahəsində problemlərinin həlli üçün çox böyük işlər görülüb", - millət vəkili əlavə edib.

Onun fikrincə, Gürcüstan Prezidenti Mixail Saakaşvili də azərbaycanlıların problemlərinə həssaslıq nümayiş etdirir.

"Sizin də bu sahədə çox böyük işlər gördüyünüzü bilirik və təşəkkürümüzü bildiririk. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşünüzdə əməkdaşlıqla bağlı bir çox yeni layihələrin həyata keçirilməsini razılaşdırmısınız və əminik ki, bu, iki ölkənin münasibətlərinin inkişafına da böyük dəstək olacaq", - Paşayeva vurğulayıb.

Millət vəkili deyib ki, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Parlamentində qəbul olunan Amnistiya Aktından minlərlə soydaşımız yararlanıb. "Bildiyiniz kimi, Azərbaycanın ən böyük problemi torpaqların 20 faizini Ermənistanın işğal etməsidir. Bu işğal nəticəsində bir milyon insan öz yurd-yuvasından məçburi köçkün düşüb. Gürcüstan da bu cür problemdən əziyyət çəkdiyi üçün bizi yaxşı başa düşür. Azərbaycanda artıq çadır şəhərciyi qalmasa da, beynəlxalq təşkilatların qərarları yerinə yetirilmir", - Paşayeva xatırladıb.

Xəbər lenti

Xəbər lenti