...

Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv dialoqun davam etdiriləcəyinə ümid edir – Cənubi Qafqaz üzrə xüsusi nümayəndə

Siyasət Materials 17 May 2010 15:35 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqun davam etdiriləcəyinə ümid edir.

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqun davam etdiriləcəyinə ümid edir.

"Danışıqlar prosesinin davam etdirilməsi zəruridir. Ümid edirəm ki, kifayət qədər gərgin dövrdən sonra konstruktiv dialoq davam etdiriləcək", - Semnebi Tbilisidən telefonla Trend-ə bildirib.

Bir müddət əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan və Ermənistan prezidentlərinin yanvar ayında Soçidə keçirdikləri görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda durğunluğun müşahidə olunduğunu bildirmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Fransa, Rusiya və ABŞ həmsədr ölkələrdir. Lakin son vaxtlar Türkiyə və İranın danışıqlara cəlb edilməsi məsələsi daha tez-tez müzakirə olunur. Bu günlərdə Rusiya Prezidenti Dmitri Medvedev Türkiyəyə səfəri zamanı Moskva ilə Ankaranın Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə birgə yardım etmək barədə niyyətlərini açıqlayıb.

Semnebi danışıqlar prosesinin formatı və detallarını şərh etməkdən imtina edərək yalnız onu bildirib ki, belə məsələləri "qəbul edilmiş danışıqlar formatı çərçivəsində müzakirə etmək vacibdir".

Xəbər lenti

Xəbər lenti