...

Azərbaycan müxalifəti yeni birlik modeli axtarır - partiya sədri Sərdar Cəlaloğlu

Siyasət Materials 20 May 2010 13:55 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri deyib ki, liderlərin subyektiv mülahizələri birliyin yaradılmasına mane olur.
Azərbaycan müxalifəti yeni birlik modeli axtarır - partiya sədri Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 20 may /Trend, A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri deyib ki, liderlərin subyektiv mülahizələri birliyin yaradılmasına mane olur.

"Azərbaycan müxalifətinin bugünkü vəziyyəti istənilən qüvvəni narahat etsə də, bəzi partiya rəhbərləri özlərində qətiyyət tapıb, subyektiv fikirlərini, maraqlarını kənara qoyub geniş birliyin yaradılması istiqamətində addım atmırlar", - cümə axşamı TrendAzərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Cəlaloğlunun sözlərinə görə, məhz bu səbəbdən mayın 19-da Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi partiyalarının rəhbərlərinin və onun iştirakı ilə keçirilən görüş nəticəsiz başa çatıb: "Təşəbbüsüm dəstəklənsə də, çox təəssüf ki, məhdud çərçivədə birliyin yaradılması bura daxil olacaq qüvvələrin başqa qüvvələrlə əməkdaşlığına, işbirliyinə yönəlmiş çox böyük ziyandır", - ADP sədri əlavə edib.

Onun fikrincə, Azərbaycandakı mövcud vəziyyət, iqtidar-müxalifət münasibətləri, ölkənin gələcəyi ilə bağlı məsələlərdə aralarında fikir fərqliliyi yoxdur.

"Bu səbəbdən AXCP və KXCP öz müttəfiqləri ilə görüşün nəticələrini müzakirə edib müəyyən bir qərara gələcəklər. Növbəti görüşün nə vaxt baş tutacağı isə bəlli deyil", - Cəlaloğlu vurğulayıb.

Dörd partiyanın deputatlığa namziədlərinin vahid siyahısının müəyyənləşdirilməsi, parlament seçkilərində başqa formada əməkdaşlıq ehtimalına gəldikdə, Cəlaloğlu deyib ki, görüşdə bu istiqamətdə də fikir mübadiləsi aparılıb.

"Belə qərara gəlindi ki, görüşdə iştirak edən hər bir partiya öz müttəfiqlərini də təmsil edə bilər, onların da maraqları müdafiə oluna bilər və nəticəsi müxalifətin vahid siyahısı hazırlana bilər", - ADP sədri xatırladıb.

Onun sözlərinə görə, dörd partiyanın rəhbərinin görüşü müxalifətin ümumi birliyinin baş tutması kimi qəbul edilməməlidir. "Biz bu addımı atmaqla müxalifətin ümumi birliyinin yaradılması imkanlarını da araşdırmışıq. Gələcək görüşlərimiz baş tutarsa, dolayı yolla birliyin yaradılmasının mümkünlüyünü bir daha gündəmə gətirəcəyik", - Cəlaloğlu deyib.

ADP sədri Sərdar Cəlaloğlunun təşəbbüsü ilə mayın 19-da keçirilən görüşdə ondan başqa Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli KərimliKXCP sədri Mirmahmud Mirəlioğlu iştirak ediblər. Dörd müxalifət partiyasının rəhbəri parlament seçkilərində birgə əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

ADP sədri bundan əvvəl Ümid və "Azadlıq" blokunda təmsil olunan partiyaların iştirakı ilə parlament seçkilərində birgə əməkdaşlıq imkanlarının müzakirəsi üçün təşəbbüslə çıxış edib. Lakin "Azadlıq" blokunda təmsil olunan partiyalar "Ümid" partiyası ilə müzakirələrdə iştirakdan imtina etdiyi üçün təşəbbüs həyata keçməyib. Müsavat Partiyası isə Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalarla birgə bir neçə dəfə parlament seçkilərində əməkdaşlıq imkanlarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti