...

Nə İranın uranın mübadiləsinə razı olması, nə də Qərbin yeni sanksiyaları konstruktiv qərara gətirib çıxarmayacaq - ekspertlər

Siyasət Materials 21 May 2010 16:03 (UTC +04:00)
Türkiyə ərazisində uranın mübadiləsi ilə bağlı İran tərəfindən imzalanmış razılaşmaya və BMT Təhlükəsizlik Şurasında İrana dair qətnamənin müzakirəsinin davam etməsinə baxmayaraq, İranın nüvə probleminin konstruktiv həllini gözləmək düzgün deyil.
Nə İranın uranın mübadiləsinə razı olması, nə də Qərbin yeni sanksiyaları konstruktiv qərara gətirib çıxarmayacaq - ekspertlər

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir T.Konyayeva/

Türkiyə ərazisində uranın mübadiləsi ilə bağlı İran tərəfindən imzalanmış razılaşmaya və BMT Təhlükəsizlik Şurasında İrana dair qətnamənin müzakirəsinin davam etməsinə baxmayaraq, İranın nüvə probleminin konstruktiv həllini gözləmək düzgün deyil. Ekspertlər belə hesab edirlər.

"Hər iki tərəfin atdığı addım bir kələkdir", - Trend-ə elektron poçtla MakGil Universitetinin antropologiya professoru Filip Karl Zalsman deyib. - "İranlıların regional və beynəlxalq səviyyədə hegemonluğa yönələn kursunu dəyişdirmək fikirləri yoxdur. Onların bütün təkliflərinin məqsədi onlara qarşı hər hansı bir təzyiqin qarşısını almaqdır".

İran, Türkiyə və Braziliya arasında uranın dəyişdirilməsinə dair üçtərəfli razılığın əldə olunmasına baxmayaraq (bu razılığa əsasən İran özünün 1200 kq az zənginləşdirilmiş uranını 120 kq yüksək zənginləşdirilmiş yanacağa dəyişdirəcək), BMT Təhlükəsizlik Şurasının daimi üzvləri İrana qarşı yeni qətnamə layihəsinin müzakirəsini davam etdirirlər.

Çərşənbə axşamı qapalı iclasda təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında BMT TŞ-nin İrana dair qətnamə layihəsi müzakirə olunub. ABŞ-nın dövlət katibi Hillari Klinton deyib ki, "veto" hüququna malik olan BMT TŞ-nin 5 üzvü qətnamə layihəsini qəbul etməyə razılaşıb. Bu qətnamə İranın uranın zənginləşdirilməsinə dair işləri davam etdirmək fikrində olması ilə əlaqədar ona qarşı daha da ciddi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.

Onsəhifəlik sənəd yuk gəmilərində yoxlamaların ararılmasını və İran banklarının iştirakı ilə olan pul köçürmələrinə nəzarətin bərpa olunmasını nəzərdə tutur. Bundan başqa, yeni qətnaməyə artıq mövcud olan, İrana satılması qadağan edilən silahlar siyahısının genışləndirilməsini daxil edəcək.

Zalsman əlavə edib ki, ABŞ, xüsusilə də Rusiya və Çin bəzi yumşaq və mənasız sanksiyalar haqqında qərar verə bilər. Bunun məqsədi budur - onlar sadəcə özlərinin İranın nüvə silahının işlənib hazırlanması proqramının dayandırılması üçün hansısa ciddi tədbirlərin görülməsini istəməmək faktını ört-basdır etmək niyyətindədirlər.

İlk vaxtlarda İrana qarşı yeni ciddi tədbirlərin görülməsinə qarşı çıxan və problemin diplomatik yolla həllini israr edən Rusiya və Çin yeni qətnamənin dəstəklənməsində ABŞ, Böyük Britaniya, Fransa, Almaniyaya qoşulur və İrana qarşı münasibətdə sanksiya və danışıqların bir-biri ilə uzlaşmasını nəzərdə tutan "ikili yol" strategiyasının keçirilməsini israr edir.

"Bütün bunlar bir kölgə oyunudur. Bu oyunun arxasında isə heç bir şey yoxdur", - Zalsman deyib. - "Heç bir qətnamə qəbul edilməyəcək. Həmcinin heç bir müsbət nəticə olmayacaq. Biz hamımız buna görə bir azdan cavab verəcəyik".

Professor Şahram Əkbərzadənin fikrincə, İranın özünü belə aparmağı müharibə ərəfəsində balanslaşdırma siyasətini xatırladır. Bu siyasəti Səddam Hüseyn özünün axırıncı günlərinə qədər həyata keçirib.

"İran rəhbərliyi Rusiya, Çin, ABŞ arasında münaqişə yaratmaqla ABŞ-ın BMT-nin sanksiyasını ağırlaşdırmaq istiqamətində göstərdiyi səyləri boşa çıxarmağa çalışır", - Melburn Universitetinin İslam Araşdırmaları üzrə Milli Mərkəzinin direktor müavini Əkbərzadənin elektron poçtla Trendə verdiyi məlumatda belə deyilir.

Onun sözlərinə görə, bu cür taktika İran üçün arzuolunan təsiri göstərə bilər.

"Hətta bu taktika baş tutmasa və BMT-nin yeni sanksiyaları qəbul olunsa belə, bu, İran rejiminin fəaliyyət davranışlarına ciddi təsir etməyəcək", - Əkbərzadə bildirib. - "İran 30 ilə yaxın sanksiyanın şərtləri altında yaşayıb, yeni sanksiyanın qəbul olunması yalnız İranda beynəlxalq cəmiyyətin Birləşmiş Ştatların xidmətində toplanması fikrini gücləndirə bilər. Bu, İranın tərəfdarlarına ölkədə islahatçı hərəkatları yatırtmağa və öz havadarlarını səfərbər etməyə kömək edəcək".

Bu günə qədər 2006-cı ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarəetmə şurası tərəfindən İranın nüvə propramını dayandırmaq barədə sənədlərin göndərildiyi BMT-nin Təhlükəsizlik Şurası beş qətnamə qəbul edib ki, bunlardan üçündə İrana qarşı iqtisadi və bir sıra siyasi sanksiyalar nəzərdə tutulub.

Vaşinqton Universitetinin antropologiya üzrə professoru Robert Kenfild hesab edir ki, İranın nüvə proqramı hər şeydən öncə İran hökumətinə lazımdır, belə ki, bu, cəmiyyətin dəstəyini qazanmaq üçün yeganə vasitə hesab olunur.

"İran hökuməti çətin ki, uranın zənginləşdirilməsi üzrə işlərdən imtina etsin", - Kenfild Trend-ə elektron poçtla verdiyi məlumatda bildirib. - "Hökumətin bir çox iranlıların dəstəklədiyi qərarı uranın zənginləşdirilməsi məsələsidir. İran ictimaiyyətin dəstəyini istəyirsə, bu proqramı davam etdirməlidir".

"ABŞ-ın və digər Qərb dövlətlərinin ağır mövqeyi və sanksiyanın dördüncü mərhələsinin müzakirəsi İranın belə addımından sonra gözlənilməz olmadı", - nüvə məsələləri üzrə ekspert Səid Yari belə hesab edir.

"Təəssüflər olsun ki, bir çox Qərb ölkələri ABŞ-ın göstərişləri əsasında hərəkət edirlər", - Trend-ə Tehrandan telefon vasitəsilə İranın milli maraqlarının müdafiəsi üzrə təşkilatın katibi Yari məlumat verib.

BMT TŞ-də sanksiyaların sərtləşdirilməsinin əsas tərəfdaşları həmçinin Fransa və Böyük Britaniyadır. Onlar əlavə məhdudiyyətlərin tətbiqi üzrə təklif hazırlanması təşəbbüsünü irəli sürərək gələcəkdə müzakirə olunması üçün TŞ-nin digər üzvlərinin də onlarla tanış olmasına, eləcə də digər ölkələri qətnamənin qəbul edilməsinə səs verməyə çağırırlar.

Yarinin fikrincə, İranın son müsbət addımlarından sonra dünya ictimaiyyəti İslam Respublikasını dəstəkləmək niyyəti ilə birləşəcək.

"Biz Bloklara qoşulmamaq hərəkatının üzvü olan dövlətlər, Rusiya və Çin də daxil olmaqla, BMT TŞ-nin bəzi ölkələrindən dəstək gözləyirik", - o deyib. - "Nəticədə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya digər ölkələri İrana qarşı sanksiyaların tətbiqinə cəlb etmək cəhdində təklikdə qalacaqlar".

"İran uranın zəngiləşdirilməsini davam etdirəcək və mübadilə üçün nəzərdə tutulan az zənginləşdirilmiş uranın miqdarını artıracaq", - Yari belə hesab edir.

"Qərb ölkələri tərəfindən İrana qarşı sanksiyaların tətbiq olunmasına baxmayaraq, İran imzalanan müqavilənin şərtlərinə əməl edəcək", - o deyib. - "Axı, indiyədək qəbul edilən sərt sanksiyalara baxmayaraq, İran müsbət addımlar atıb və atacaq".

Lakin, Yarinin fikrinin əksinə olaraq, cümə axşamı İran Parlamentini vitse-spikeri Məhəmməd Bahünər deyib ki, İrana qarşı sanksiyalar tətbiq olunarsa, Türkiyə, Braziliya və İranın imzaladığı üçtərəfli saziş ləğv olunacaq və uran İrandan çıxarılmayacaq.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti