...

Bakıda Türkiyə Böyük Millət Məclisinin 90-cı ildönümünə həsr olunan konfrans keçirilib

Siyasət Materials 24 May 2010 12:37 (UTC +04:00)
Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) "Parlament diplomatiyası - TürkPA" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, TürkPA-nın əsasının qoyulması ilə bağlı ideyanı ilk dəfə ümummilli lider Heydər Əliyev irəli sürmüşdü.
Bakıda Türkiyə Böyük Millət Məclisinin 90-cı ildönümünə həsr olunan konfrans keçirilib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan paytaxtında Türkiyə Böyük Millət Məclisinin 90-cı ildönümünə həsr olunan konfrans keçirilib.

Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) "Parlament diplomatiyası - TürkPA" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, TürkPA-nın əsasının qoyulması ilə bağlı ideyanı ilk dəfə ümummilli lider Heydər Əliyev irəli sürmüşdü. Onun ideyası artıq reallaşıb.

"TürkPA-nın əsas məqsədi türkdilli dövlətlərin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi, qanunvericilik prosesində təcrübələrinin öyrənilməsidir", - Əsgərov deyib.

Əsgərovun sözlərinə görə, TürkPA-nın əsas məqsədlərindən biri də türk dövlətləri arasında dil, mədəniyyət, tarixi birliklərin qorunub-saxlanmasıdır.

Onun bildirdiyinə görə, türkdilli dövlətlər bir-birinin təcrübəsindən yararlanmalıdır.

"Türkiyənin təcrübəsi daha çox olduğundan, türk dövlətləri bu təcrübədən faydalanmağa cəhd etsələr, bu həmin dövlətlərin daha da güclənməsinə səbəb olar", - birinci vitse-spiker vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müvini Nevzat Pakdil isə çıxışında bildirib ki, sürətlə dəyişən dünyada türk dövlətləri geridə qalmamalıdır.

"Orta Asiyadan Qafqaza, Qafqazdan Balkanlara qədər geniş coğrafiyanı əhatə edən Türk Dünyası eyni kökdən bəhrələnən ulu bir çinardır. Bu çinarın ən önəmli ortaq faydalandığı şey onları bir-birinə bağlayan dilidir", - Pakdil bildirib.

Pakdil deyib ki, ortaq potensialımızın birləşməsinə, işbirliyimizin güclənməsinə ehtiyac var.

"Bu halda hər birimiz yaşadığımız bölgədə çox güclü olacağıq. Ayrı-ayrı parlamentlərin təmsilçiləri olaraq qurduğumuz TürkPA bir araya gəlməyimiz üçün çox önəmlidir və biz ortaq gələcəyimizi birlikdə qurmalıyıq", - TBMM-in sədr müavini vurğulayıb.

Azərbaycan - Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Nizami Cəfərov TürkPA-ya qoşulmayan digər türkdilli dövlətləri qınayıb. O deyib ki, özlərini türkdilli hesab edən dövlətlər TürkPA-da birləşə bilmirlərsə, onların digər beynəlxalq təşkilatlarda uğur qazanmaq şansları yoxdur. Cəfərov gələcəkdə türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını vacib sayıb və indidən bunun üzərində düşünməyi və müzakirə aparmağa ehtiyac olduğunu deyib.

Bakıda bazar ertəsi Türk Ölkələri Parlament Assambleyasının Baş Katibliyinin nümayəndəliyinin açılışı olub.

Xəbər lenti

Xəbər lenti