...

Kaliforniyada "Soyqırım: Quba" sənədli filminin təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 24 May 2010 16:10 (UTC +04:00)
Kaliforniyada "Soyqırım: Quba" sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən hazırlanıb.
Kaliforniyada "Soyqırım: Quba" sənədli filminin təqdimatı keçirilib (FOTO)

ABŞ, Nyu-York, 24 may /Trend, müxbir K.Paşayeva/

Kaliforniyada "Soyqırım: Quba" sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən hazırlanıb.

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi məsləhətçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır. Sənədli filmin baş məsləhətçisi Qənirə Paşayevadır. Filmdə 1918-ci il martın 30-31-də Qubada erməni daşnakları tərəfindən törədilən soyqırım nəticəsində yaxınlarını və doğmalarını itirən və həmin dəhşətli hadisələrin canlı şahidi olan adamların taleyindən bəhs edilir. Dinc əhaliyə tutulan amansız divan zamanı çoxlu sayda azərbaycanlı və dağ yəhudisi qətlə yetirilib.

Azərbaycan-Amerika Şurası (AAŞ) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşkil etdiyi filmin təqdimatında türk və Azərbaycan diasporlarının nümayəndələri, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və Türkiyənin Los-Ancelesdəki vitse-konsulu Arif Çelik iştirak edib.

Tədbirdəki giriş nitqində AAŞ-nin baş direktoru Cavid Hüseynov filmdəki faciəli hadisələrin qısa tarixi oçerkini danışıb. Eyni zamanda, o qeyd edib ki, daşnakların bolşeviklərin rəhbəri Stepan Şaumyanın əmri ilə törətdikləri Bakı quberniyasında azərbaycanlıların həm siyasi, həm də ictimai amil kimi kənarlaşdırılması üçün vahimə yaratmaq məqsədini güdürdü. Serj Sarkisyanın etirafına görə, məhz bu taktika 1992-ci ildə Xocalıda tətbiq olunub.

Filmə baxışdan sonra Azərbaycanın baş konsulu Elin Süleymanov çıxış edib. O qeyd edib ki, Azərbaycan Erməni İnqilabi Federasiyası (EİF) - Daşnaksütyun kimi təşkilatların yürütdükləri etnosentrik ideologiyaların qəbul edilmədiyi tarixən tolerant ölkədir. Uzun əsrlərdən bəri azərbaycanlılarla dağ yəhudilərinin bir yerdə yaşadıqları Quba rayonu Azərbaycan cəmiyyətindəki tolerantlığın və qarşılıqlı anlaşmanın parlaq nümunəsidir.

Baş konsul həmçinin bu gün də Daşnaksütyun - EİF tərəfindən yürüdülən radikal və antihumanist ideyalara erməni cəmiyyətində rəqbət bəslənilməsindən və bəzi erməni qanunvericiləri arasında tez-tez insan haqları barədəd bəyanatlarla çıxış edənlərin olması ilə bağlı təəssüfünü ifadə edib.

Daha sonra təqdimat mərasimində Türk-Amerika Assosiasiyaları Assambleyasının (TAAA) prezidenti Ergün Kırlıkovalı çıxış edib. Öz çıxışında o, bu sənədli filmin prodüserlərinin gördükləri işi yüksək qiymətləndirib və qeyd edib ki, film erməni daşnaklarının Qafqazda və Anadoluda Birinci Dünya müharibəsi zamanı törətdikləri çoxsaylı cinayətlərdən birini təsvir edir. Kırlıkovalı onu da qeyd edib ki, bu filmin ABŞ-ın akademik və ictimai dairələrində erməni radikallarının cinayətləri və yalan təbliğatları haqqında tarixi həqiqətləri aşkara çıxarmaq məqsədilə yayılması vacibdir.

Tədbirdə həmçinin "Soyqırım: Quba" filminin redaktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Kəmalə Paşayeva çıxış edib. O, erməni təbliğatçılarının müxtəlif yalançı iddialarla Qafqazda və Anadoluda "Böyük Ermənistan" yaratmaq üçün daşnak radikallarının törətdiyi vəhşilikləri "ört-basdır" etdiklərini qeyd edərək, dörd ay müddətində həmin filmin çəkilişləri və hazırlıqları ilə bağlı planlardan söz açıb. Sözügedən filmin çəkilməsində əsas məqsəd dünya ictimaiyyətinin Azərbaycan xalqının səsini eşitmək imkanlarını əldə etmək və həmin dövrün hadisələrinə qərəzsiz tarixi qiymət verilməsi üçün şahidlərin sübutları əsasında həmin faktları aşkar etməkdir. Paşayeva həmçinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına filmin çəkilişlərində göstərdiyi maliyyə yardımına görə, Azərbaycan Milli Elmlər Akademiyası və professor Musa Qasımlıya elmi dəstəyə görə, Azərbaycan Diplomatik Akademiyasına, filmin baş məsləhətçisinə, millət vəkili Qənirə Paşayevaya, həmçinin filmin təqdimatının ABŞ-da təşkil edilməsinə görə Azərbaycan-Amerika Şurasına öz minnətdarlığını bildirib.

O, həmçinin qeyd edib ki, artıq Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən 1918-ci ildə Bakıda azərbaycanlıların kütləvi şəkildə erməni daşnakları və bolşevikləri tərəfindən qətlə yetirilməsi haqqında "Soyqırım: Bakı" filmi hazırlanıb və gələcəkdə daşnakların Azərbaycanın digər rayonlarında törətdiyi cinayətlər barədə bu silsilədən olan filmlərin çəkilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti