...

Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətin törətdiyi fəsadlar Parlamentdə müzakirə olunub

Siyasət Materials 25 May 2010 13:27 (UTC +04:00)
Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakət Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında da müzakirə olunub, deputatlar müxtəlif təkliflərlə çıxış ediblər.
Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətin törətdiyi fəsadlar Parlamentdə müzakirə olunub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakət Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında da müzakirə olunub, deputatlar müxtəlif təkliflərlə çıxış ediblər.

Spiker Oqtay Əsədov Kür çayının ən gur axan vaxtında saniyədə 1 500 kubmetr su keçdiyini, lakin son günlər bu rəqəmin saniyədə 2 500 kubmetr təşkil etdiyini deyib.

"Dövlət əlindən gələni edir. Bu hadisə bütün dünyada baş verir. Polşada da daşqınlar baş verib. Vəziyyət ciddi təhlil olunur. Su bir yerdən keçməlidir. Ciddi narahatlığa əsas yoxdur", - spiker əlavə edib.

Deputat Nəsib Nəsibli Kürün daşmasının səbəbini təkcə təbiətdə axtarmağın düzgün olmadığını deyib. Onun sözlərinə görə, bir neçə ildir, qrunt suların qalxmasına baxmayaraq, heç bir tədbir görülməyib.

Deputat Rüstəm Xəlilov fəlakət zonasında görülən tədbirlər nəticəsində insan itkisinin qarşısının alındığını deyib.

"Bu günə kimi cəmi bir nəfər həyatını itirib. Dövlət baş verən fəlakətin qarşısının alınmasında böyük işlər görür", - Xəlilov əlavə edib.

Deputat Pənah Hüseyn isə daşqın bölgəsində vəziyyətin pis olduğunu deyib. Onun sözlərinə görə, məsələ gündəliyə daxil edilməli, vəziyyətlə bağlı ölçü götürülməlidir.

"Təbii fəlakətlə bağlı təhqiqat komissiyası yaradılmalıdır. Kürün səviyyəsi düşüb, lakin daşqın yenə də baş verir. Bənd qoyulsa da, daşqın davam edir. Hazırda bütün Sabirabad təbii fəlakət zonasıdır", - Hüseyn deyib.

Xəbər lenti

Xəbər lenti