...

Azərbaycan ilə Böyük Britaniya arasında möhkəm siyasi əlaqələr mövcuddur – səfir Fəxrəddin Qurbanov (MÜSAHİBƏ)

Siyasət Materials 28 May 2010 10:00 (UTC +04:00)
Trend-in Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovla müsahibəsi
Azərbaycan ilə Böyük Britaniya arasında möhkəm siyasi əlaqələr mövcuddur – səfir Fəxrəddin Qurbanov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir S.Ağayeva/

Trend-in Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovla müsahibəsi

- Bu yaxınlarda Londonda keçirilmiş "Böyük Britaniya Azərbaycanda" ticarət-investisiya forumunun nəticələri nədən ibarətdir?

- Bildiyiniz kimi, son yarım il ərzində artıq bu ikinci tədbir idi. İlk belə biznes forumu ötən ilin dekabr ayında Adam Smit İnstitutunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə keçirilmişdi. Mart ayında keçirilmiş ticarət və investisiya forumu iki ölkənin biznes dairələri arasında birbaşa təmasların qurulması və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, burada hökumət qurumlarının yüksəksəviyyəli nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin təmsilçiləri də iştirak ediblər. Həmin şirkətlər də əsasən hökumət tərəfindən prioritet hesab olunan qeyri-neft sektorunu təmsil edirdi. İlkin müsbət nəticə kimi qeyd edə bilərəm ki, artıq bu ilin iyun ayında Böyük Britaniyanın ticarət missiyasının ölkəmizə sayca üçüncü səfəri olacaq. Bu missiyanın tərkibinə Britaniyanın müxtəlif tanınmış şirkətlərinin rəhbərlərinin daxil olması nəzərdə tutulur. Səfər zamanı onların azərbaycanlı tərəfdaşları ilə görüşləri, ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış imkanlar və bütövlükdə biznes mühiti haqqında ətraflı məlumat əldə etmək imkanları olacaq.

- Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı ticari-iqtisadi əlaqələri necə qiymətləndirirsiniz və əməkdaşlığın gələcək inkişafı üçün nə etmək lazımdır?

- Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr, deyərdim ki, son illər dinamik şəkildə inkişaf edir. İki ölkə arasındakı münasibətlər daha çox enerji əməkdaşlığı ilə səciyyələnir. Lakin buna baxmayaraq bizim qarşımızda duran əsas məqsəd odur ki, bu əlaqələri enerji sahəsindən iqtisadiyyatın digər sahələrinə yönəldək. Və bu istiqamətdə bilirsiniz ki, ötən il Böyük Britaniya-Azərbaycan Biznes Şurası təsis olunub. Şuranın fəaliyyət göstərdiyi qısa müddətdə artıq iki ticarət missiyası ölkəmizdə olub və mart ayında Britaniyada ölkəmizə həsr olunmuş ticarət-sərmayə forumu keçirilib. Gələcəkdə bu kimi işgüzar toplantıların ənənəvi xarakter alması və davamlı şəkildə Londonda və Bakıda belə toplantıların təşkili planlarımıza daxildir. Bütün bunlar təbii ki, iki ölkənin işgüzar dairələri arasında təmasların və birgə layihələrin icrasına öz töhfəsini verir.

- Böyük Britaniyanın maliyyə sektoru Azərbaycan bazarına daxil olmaqda nə dərəcədə maraqlıdır?

- Çox yaxşı məqama toxundunuz. Bilirsiniz ki, London dünyanın əsas maliyyə mərkəzlərindən hesab olunur. Bu ölkədə ən müasir və kompleks maliyyə xidmətləri yüksək səviyyədə inkişaf edib. Azərbaycanda da hazırda maliyyə sektoru inkişaf edir. Bu baxımdan hesab edirik ki, iki ölkənin maliyyə qurumları, bankları arasında faydalı əməkdaşlığın yaradılması ölkəmizdə bu sahənin yüksəlişinə öz köməyini göstərmiş olardı. Xüsusilə, hazırkı mərhələdə bütün dünyanı bürümüş maliyyə-iqtisadi böhrandan Azərbaycanın minimum zərərlə çıxması və maliyyə sektorunun genişlənməsi üçün imkanların mövcudluğu Britaniya maliyyə dairələri arasında ölkəmizə marağı artırıb. Keçirdiyimiz görüşlərdə biz ölkəmizin maliyyə sektoruna xüsusi marağın şahidi oluruq və təbii ki, biz də öz tərəfimizdən bu marağın real nəticələrə gətirib çıxarması üçün mümkün köməklik göstəririk.

- Sizin fikrinizcə, iki ölkə arasında siyasi sahədə, xüsusən də Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddurmu?

- Ölkələrimiz arasında siyasi sahədə yüksək səviyyədə əməkdaşlıq var və bu əlaqələr getdikcə daha da genişlənir. İki ölkənin maraqları bir çox sahələrdə birgə əməkdaşlığın və fəaliyyətin həyata keçirilməsini təmin edir. Böyük Britaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından etibarən öz mövqeyində dəyişməz olaraq qalır və bu mövqe də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini ehtiva edir. Bu ölkə ATƏT-in Minsk qrupunun üzvü olmasa da, münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqları dəstəkləyir və regionda davamlı sülh və rifahın təmin olunmasına maraq göstərir. Ötən ilin iyul ayında Azərbaycan Prezidentinin Böyük Britaniyaya yüksək səviyyəli rəsmi səfəri həyata keçirilmişdi. Bu çərçivədə iki ölkə rəhbərliyi arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrini özündə əks etdirən birgə kommünike razılaşdırılıb. Bu sənəddə bir daha iki ölkə arasında bütün sferalarda əlaqələrin daha da şaxələndirilməsi və gələcəkdə tərəfdaşlığın sıxlaşdırılması üçün qətiyyət nümayiş etdirilib. Hazırda biz münasibətlərimizin gələcək inkişafı üçün bu rəsmi sənəddə qarşıya qoyulan hədəflər istiqamətində fəaliyyətimizi davam etdiririk.

- Fəxrəddin müəllim, Siz həm də Azərbaycanın İrlandiyada və İslandiyada səfirisiniz. Bu gün Azərbaycanla bu ölkələrin iqtisadi və humanitar sahələrdə əməkdaşlığının səviyyəsi necədir?

- Qeyd etdiyiniz ölkələrdən əlavə, mən həm də Danimarka Krallığına akkreditə olunmuşam. Bu ölkələrlə Azərbaycan arasında münasibətlərin genişləndirilməsi də bizim fəaliyyətimizin tərkib hissəsidir. Mütəmadi olaraq sadaladığınız ölkələrə səfərlər edilir və bu ölkələrin dövlət qurumları ilə aparılan danışıqlarda mövcud əlaqələrin dərinləşdirilməsi ətrafında müzakirələr aparılır. Elə bu günlərdə Kopenhagendə mayın 29-da Azərbaycan Günü şəhərin ən böyük meydanında keçiriləcək mədəni tədbirlə qeyd olunacaq. Tədbirdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində ölkəmizdən milli musiqi qrupu və müğənnilərin iştirakı planlaşdırılır. Bununla yanaşı, bənzər tədbir iyun ayında İslandiyada da keçiriləcək. Qeyd etdiyim ölkələrdə fəaliyyət göstərən Azərbaycan icması və diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edirik və onların daha sıx təşkilatlanmalarını dəstəkləyirik. Bundan əlavə, İrlandiya ilə əlaqələrin sıxlaşdırılması üçün artıq müəyyən əməli işlər görülüb. Bu yaxınlarda bu ölkənin ixracın təşviqi qurumu olan İrish Entreprise-ın təmsilçilərinin ölkəmizdə keçiriləcək ənənəvi neft-qaz sərgisində iştirakı planlaşdırılır və bu çərçivədə Azərbaycanın işgüzar dairələri ilə də təmasların yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti