...

Azərbaycanın daxili işlər naziri Türkiyənin Jandarm Qüvvələrinin Qərargah rəisini qəbul edib

Siyasət Materials 27 May 2010 20:14 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Qərargah rəisi, general-polkovnik Mustafa Bıyıkı qəbul edib.
Azərbaycanın daxili işlər naziri Türkiyənin Jandarm Qüvvələrinin Qərargah rəisini qəbul edib

Azərbaycan, Bakı, 27 may /Trend/

Cümə axşamı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Qərargah rəisi, general-polkovnik Mustafa Bıyıkı qəbul edib. Məlumatı DİN-in mətbuat xidməti yayıb.

Usubov dost və qardaş dövlətin Jandarm Baş Komandanlığının və Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsinin əməkdaşlığına dair 1997-ci il oktyabrın 31-də hökumətlərarası protokolun imzalanmasından sonra bu sahədə xeyli iş görüldüyünü, əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli şəkildə istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini qeyd edib.

Türkiyə Jandarm Qüvvələrinin Qərargah rəisinin ölkəmizə səfərinin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumlarının əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edən general-polkovnik Usubov, Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Daxili Qoşunlarının yüksək döyüş hazırlığına malik qurum, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadir hərbi qüvvə kimi formalaşdığını vurğulayıb.

General-polkovnik Mustafa Bıyık Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəklərini, qarşılıqlı əlaqələrin və əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirib.

Mehribanlıq və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti