...

Dağlıq Qarabağ münaqişəsi zonasında insanların həlak olması tərəfləri tezliklə irəliləyişə sövq etməlidir – ATƏT səfiri Anji Kaspşik

Siyasət Materials 3 İyul 2010 14:20 (UTC +04:00)
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr və insanların həlak olması hər iki tərəfi münaqişənin tezliklə həll olunmasına sövq etməlidir.
Dağlıq Qarabağ münaqişəsi zonasında insanların həlak olması tərəfləri tezliklə irəliləyişə sövq etməlidir – ATƏT səfiri Anji Kaspşik

Azərbaycan, Bakı, 3iyul/ Trend, müxbir Y.Ostapenko/

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr və insanların həlak olması hər iki tərəfi münaqişənin tezliklə həll olunmasına sövq etməlidir. ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik belə hesab edir.

"Həlak olanların ailələri və onların dostlarının mənasız insan itkisinin sülh prosesi iştirakçılarına yaxın həftələr ərzində verilən irəliləyiş imkanından istifadə etməyə ziyan vuracağını gözləməyə ixtiyarları çatır", - Trend-ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Kaspşik bildirib.

Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin məlumatına görə, iyunun 18-dən 19-na keçən gecə Dağlıq Qarabağ münaqişəsi zonasındakı qoşunların təmas xəttində insan tələfatı ilə nəticələnən silahlı toqquşma baş verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri və Kaspşik münaqişənin nizamlanması prosesini müzakirə etmək üçün iyulun 1-dən 5-dək növbəti səfərdədirlər. Bu səfər tərəflərə xarici işlər nazirlərinin iyulda Almatıda keçiriləcək görüşlərinə hazırlığa kömək etmək məqsədilə edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Kaspşikin sözlərinə görə, iyunun ortalarında baş verən hadisə atəşkəs haqqında imzalanan razılaşmanın son iki ildə ən ciddi pozulmasıdır. Bu, ilk növbədə, atışma zamanı həlak olanların və yaralananların ailələrinə təsir edib. "Heç şübhə etmirəm ki, ATƏT-in Minsk qrupu, hər iki ölkə prezidenti və nazirləri daxil olmaqla, danışıqlar prosesinin bütün iştirakçıları bunu başa düşürlər", - o əlavə edib.

Kaspşikin fikrincə, atəşkəs rejimi yalnız tərəflərin siyasi iradəsi hesabına qorunur.

"Heç şübhəsiz ki, ildən-ilə üzbəüz yaxın məsafədə duran, bəzi hallarda isə çox da yaxın olmayan və əlverişsiz şəraitdə çoxlu sayda silahlı əsgərin olması atəşkəs rejiminin pozulmasına səbəb olan yeganə əhəmiyyətli faktordur", - o deyib.

Kaspşikin sözlərinə görə, hər iki tərəfin yerli komandirləri hadisələrə, o cümlədən müxtəlif növ silahlı atışmaya, xüsusilə də snayperlərin atmasına və qarşı tərəfin mövqeyini yaxşılaşdırması və ya təhlükəsizliyi üçün təhdid anlamına səbəb olan digər faktorları səbəb kimi göstərirlər.

Kaspşik bildirib ki, onun şəxsi təsəvvürü ATƏT nümayəndələrinin hərbi hakimlər və yerli komandirlərin köməyi ilə keçirdikləri monitorinqlər nəticəsində yaranıb.

"Bu monitorinqlər təhqiqatın aparılmasına görə deyil. Bunu tərəflər arasında razılıq və əməkdaşlıq, daha geniş mandat və mənim ofisim üçün çoxlu sayda resurslar olduğu halda etmək olar. Monitorinqlər sülhməramlı tədbir də hesab edilmir", - Kaspşik deyib.

"Bununla belə, monitorinqlər mühüm "stop-kadr"ı, vəziyyəti yerində effektiv və ardıcıl qiymətləndirməyi və gərginliyi azaltmağı təmin edir", - o vurğulayıb.

Monitorinqlər cəbhə xəttində və qoşunların təmas xəttində ayda iki dəfə keçirilir. Bu monitorinqlər zamanı ilkin əldə edilən informasiya ATƏT-in fəaliyyətdə olan sədrinə, Minsk qrupunun həmsədrlərinə və təşkilatın üzv ölkələrinə müvafiq tədbirlərin görülməsi üçün təqdim edilir.

Kaspşikin fikrincə, Torontoda bu yaxınlarda keçirilən "Böyük səkkizliy"in sammitindən sonra həmsədr ölkələrin prezidentləri heç şübhəsiz ki, prezidentlərin əsas prinsiplər üzrə işi başa çatdırmalarına dəstək bildiriblər və sülh razılaşması layihəsinin hazırlanmasına başlamaq üçün daha bir addım atmağa çağırıblar.

Minsk qrupunun Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə ATƏT-in 2007-ci ilin noyabrında Madriddə keçirilən sammitində etdikləri təkliflər danışıqların əsasını təşkil edir. Bu təkliflər "baza prinsipləri" kimi tanınır.

Azərbaycan və Ermənistan prezidentlərinin yanvarda Soçidə keçirilən görüşləri zamanı ATƏT-in Minsk qrupu tərəflərə Madrid sənədinin yenilənmiş variantını təqdim edib. Madrid prinsiplərini qəbul edən rəsmi Bakı ATƏT-in Minsk qrupundan Yerevanın Madrid sənədinin yenilənmiş variantı üzrə mövqeyi ilə bağlı hələ ki məlumat almayıb.

Xəbər lenti

Xəbər lenti