...

Prezident İlham Əliyev Barak Obamanı Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 3 İyul 2010 22:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı Müstəqillik günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Barak Obamanı Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edərək tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin gücləndirilməsi sahəsində birgə fəaliyyətimiz əməkdaşlığımızın mühüm istiqamətlərindəndir.

Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Biz həmçinin xalqımızın ən ağrılı probleminin - ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik.

Bu əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti