...

Azərbaycan qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq qurmağa səy göstərir

Siyasət Materials 8 İyul 2010 12:22 (UTC +04:00)
Azərbaycan qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq qurmağa səy göstərir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov "Cherwell" qəzetinə müsahibəsində deyib.
Azərbaycan qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq qurmağa səy göstərir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq qurmağa səy göstərir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov "Cherwell" qəzetinə müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri Avroatlantik strukturlara inteqrasiyadır. "Lakin bizim prioritet məsələmiz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla ərazi mübahisəsinin həllinə istiqamətlənən beynəlxalq səylərdə konstruktiv iştirakını hələ də davam etdirir və biz bu problemlə bağlı uzunmüddətli və ümumi qəbul edilən həllə nail olmağa ümid edirik", - diplomat qeyd edib.

"Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və iki ölkənin münasibətlərə başladığı müsbət tonu qorumaqda davam edir. Bundan başqa, Böyük Britaniya Azərbaycanda böyük səhmdarlardan biridir", - deyə diplomat vurğulayıb.

Hazırda Azərbaycanda 170-dən çox Britaniya şirkəti uğurla fəaliyyət göstərir, ölkədə beş mindən çox Britaniya vətəndaşı yaşayır və işləyir.

O qeyd edib ki, Bakı Londonu bəzi istiqamətlərdə, o cümlədən, Balkanlarda təhlükəsizliyin təmin edilməsində, Əfqanıstan və İraqdakı əməliyyatlarda dəstəkləyir. Bundan başqa, ölkələr arasında humanitar sahədə əməkdaşlıq da uğurla inkişaf edir.

Qurbanovun sözlərinə görə, Avropa və Asiya arasında körpü kimi yerləşən Azərbaycanın strateji mövqeyi Azərbaycan - Britaniya iqtisadi münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayıb. "Bizim neft-qaz resurslarımız iqtisadi əlaqələrimizin əsasını təşkil edir. Biz Birləşmiş Krallıqla regiondakı enerji layihələrinin həyata keçirilməsində də əməkdaşlıq edirik", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti