...

Türkiyə Ermənistanla sərhədlərin açılması üçün heç bir texniki işlər aparmır – Qars vilayətinin qubernatoru

Siyasət Materials 8 İyul 2010 18:31 (UTC +04:00)
Türkiyə hökuməti Azərbaycanın işğal edilmiş əraziləri erməni işğalından azad olmayana qədər Ermənistanla sərhədlərin açılması üçün hansısa texniki işlər və ya danışıqlar aparmaq niyyətində deyil.
Türkiyə Ermənistanla sərhədlərin açılması üçün heç bir texniki işlər aparmır – Qars vilayətinin qubernatoru

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ü.Sadıxova/

Türkiyə hökuməti Azərbaycanın işğal edilmiş əraziləri erməni işğalından azad olmayana qədər Ermənistanla sərhədlərin açılması üçün hansısa texniki işlər və ya danışıqlar aparmaq niyyətində deyil. Bu barədə Qars vilayətinin qubernatoru Əhməd Qara bildirib.

Qars Türkiyənin şimal-şərqində Ermənistanla sərhəddə yerləşən şəhər və inzibati vahiddir.

"Azərbaycan icazə verməyənədək və onun torpaqları qaytarılmayanadək, sərhədlərin açılmasından söhbət belə gedə bilməz", - Qara Türkiyə KİV-də bu yaxınlarda çap olunmuş yazıları şərh edərkən Trend-ə bildirib.

Türkiyənin Cihan agentliyi məlumat verib ki, Türkiyənin Daxili İşlər Nazirliyi çərşənbə axşamı Qars və İğdır inzibati mərkəzlərinə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı təqdirdə hazırlıq işlərinin başa çatdırılması üçün təqribi müddətin göstərilməsi tələbi ilə sorğu göndərib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

Qara göstərib ki, əgər şərq sərhədlərinin açılması üçün bütün şərtlər razılaşdırılarsa, o zaman bu, bir aydan sonra hazır olacaq.

Qubernator Qara türk nəşrlərinin bu layihənin həyata keçirilməsi üçün Azərbaycanı razı salmağın vacibliyi barədə yaydığı məlumatı təkzib edib.

"Əslində mən demişəm ki, Azərbaycan nə qədər ki icazə verməyib, sərhəd açılmayacaq və heç bir texniki işlər görülməyəcək", - Qara deyib. - "Türkiyə rəhbərliyinin mövqeyi dəyişməz qalıb: Azərbaycan torpaqları işğaldan azad olunmayınca, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq".

Ötən ilin oktyabrında Sürixdə Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd DavudoğluEdvard Nalbandyan 1993-cü ildən pozulan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıblar. Protokolların qüvvəyə minməsi üçün onlar hər iki ölkənin parlamentində ratifikasiya olunmalıdır.

Türkiyə hökuməti bəyan edib ki, Ankara ilə Yerevan arasında münasibətlər yalnız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsindən sonra bərpa olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Qonşularla münasibətlərdə problemlərin sıfıra endirilməsi Türkiyə siyasətinin əsas prioritetidir, lakin bu, heç bir halda bizim milli maraqlarımıza zidd olmamalıdır", - Qara bildirib.

Qubernator bildirib ki, şərq sərhədində erməni tərəfi ilə saxlanılan yeganə əlaqə Arpaçayı türk və erməni hissəsinə ayıran daş hasar və barjların təmiridir.

"Mütəmadi olaraq biz sərhəddəki daş hasarların və köhnə barjların təmir olunması üçün erməni mühəndislərlə görüşürük. Görüşlər texniki məsələlərə görə aparılır və nazirliyin sorğusu da məhz buna dair olub", - Qara bildirib.

Xəbər lenti

Xəbər lenti