Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Müdafiə Nazirliyi şəhid gizirin cəsədinin qaytarılmaması ilə bağlı məlumat yayıb. Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun cümə günü yaydığı açıqlamada bildirilir ki, gizir Mübariz İbrahimovun cəsədinin qaytarılması ücün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana dəfələrlə catdırılıb. Buna baxmayaraq onlar bütün humanitar və adi insanlıq normalarının üzərindən acıq-aşkar xətt cəkərək qəddar qisasçılıq yolunu seciblər.
Trend-in arayışı: İyunun ortalarında Ermənistan Silahlı Qüvvələri tərəfindən hazırlanan təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov 8 erməni təxribatçısını zərərsizləşdirib və nəticədə özü də şəhid olub. Şəhidin cəsədi cəbhə xəttinin Ermənistanın nəzarət etdiyi hissəsində qalıb. Bu günə qədər onun cəsədi qaytarılmayıb. Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, Azərbaycan Müdafiə Nazirliyi gizirin cəsədinin qaytarılması üçün müraciət etməyib.
Sabiroğlu açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin yalan məlumatlarından da danışıb.
"Son iki gündür ki, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin riyakar bir bəyanatı həmin ölkənin bütün informasiya agentliklərində, mətbuat vasitələrində geniş yer almaqdadır. İddia olunur ki, guya Azərbaycan gizir Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistana rəsmi müraciət etməyib. Erməni xislətinə yaxından bələd olduğuma görə buna qətiyyən təəccüb etmədim. Çünki göz-gözə durub da hər şeyi dana bilmək bacarığı mənəvi norma kimi onlar ücün adi bir şeydir", - açıqlamada qeyd olunub.