...

Azərbaycan MTN-in Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib (FOTO)

Siyasət Materials 9 İyul 2010 17:09 (UTC +04:00)
Azərbaycann Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan MTN-in Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycann Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Bu barədə cümə günü MTN-in İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirilib.

Tədbirin əvvəlində milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıblar.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov buraxılış mərasiminə düzülmüş zabitləri və kursantları təbrik edib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışı müna­si­bətilə məzunları, onların va­li­deyn­lərini, akademiyanın professor-müəllim heyətini təbrik edən Mahmudov, təc­rü­bəli müəllimlərindən al­dıqları biliklərin, qazandıqları peşə vər­diş­lərinin vəzifə borc­la­rını layiqincə yerinə yetirməkdə onlara kömək olacağını vurğulayıb.

Məzunlara ümummilli lider Heydər Əliyevin adı­nı daşıyan akademi­yada oxumaq şərəfinin qismət olduğunu qeyd edən nazir bildirib ki, onlar ölkənin təhlükəsizliyi və milli maraqlarının qo­run­ması sahəsində fəaliyyət üzrə xüsusi təhsil ocağını bitiriblər. Bu isə hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin peşəkarlıq irsini davam etdirməyə, Azərbay­ca­nın durmadan qüdrətlənməsi işində fəaliyyətə hazır olmaq deməkdir.

Gənc zabitlərin Azərbay­ca­nın milli təhlükəsizliyi və sərhəd­lə­ri­nin qorunması işində təcrübəli həmkarları ilə çiyin-çiyinə çalışacağını deyən nazir bildirib ki, bu istiqamətdə akademiyada əl­də etdikləri biliklərin rolu böyük olacaq. Milli təhlukəsizlik naziri bu işdə əməyi olan hər kəsə, ilk növbədə, təlim-tədris prosesinin yüksək səviyyəsinə görə aka­de­mi­ya­nın rəh­bərliyinə və müəllim he­yətinə təşəkkürünü bildirib.

İldən-ilə aka­de­­miyanın maddi-texniki imkanlarının artdığını diqqətə çatdıran Mahmudov, ötən bu­raxı­lış­dan bəri görülmüş tədbir­lərin buna əyani misal olduğunu vurğulayıb. Bildirilib ki, aka­­de­mi­yada hər cür şəraitə malik 4500 kvadratmetrdən çox sahəni əhatə edən yeni İdman Sağlamlıq Kompleksi açılıb, şəxsi heyətin is­tifadəsində olan tədris və so­sial təyinatlı bir çox korpuslarda əsaslı təmir işləri aparılıb. Akademiyanın müasir ava­dan­­lıq və texniki vasitələrlə təchizatı işi davam etdirilib. Gələcək əməkdaşların seçdikləri peşəyə də­rin­dən yi­yə­lənməsi üçün bütün lazımi imkanların akademiyada mövcudluğu və bunların yeni nəslin ulu öndər Heydər Əliyevin vətən­pər­vər­lik məktəbinə sadiq insanlar kimi yetiş­məsi üçün yaradılmış möhkəm təməl olduğu qeyd edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin "Akademiya ən yüksək dünya standartlarına cavab verir" fikrini xatırladan nazir vurğulayıb ki, dövlətimizin başçısının bu sözləri nazirliyin və akademiya kollektivinin ümumi əmə­yinə verilən yüksək qiymətdir və gələcəkdə daha səmərəli fəaliyyət üçün əsas stimuldur.

Nazir son illər həyata ke­çirilən hərtərəfli islahatlar və uğurlu dövlət quruculuğu nəticəsində Azərbaycanın dünya birliyində mövqeyinin ildən-ilə möhkəmləndiyini, hazırda ge­niş coğrafi və si­yasi məkanda böyük nüfuza malik olduğunu bildirib. Bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şə­rait­də ölkənin təhlükəsizliyi üçün məsuliyyəti daha da artırır.

Qarşıda çox böyük vəzifələr durduğunu deyən nazir qeyd edib ki, ən mühüm vəzifə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üzrə dövlətimizin başçısının siyasi xəttinin həyata keçirilməsi işində yaxından və fəal iştirak etməkdir. Nazir vurğulayıb ki, müasir dövrdə milli maraq­la­rımıza qarşı yönələn təh­­didlərin qarşısının alınması bizim hər birimizdən daim yük­sək sayıqlıq, hər­tərəfli hazırlıq və vətən­­pərvərlik tələb edir. Başlıca məqsəd hamının, ilk növbədə, güc strukturlarının Ali Baş Koman­dan İlham Əliyevin əmr və göstərişlərini dərhal yerinə yetirməyə qadir vahid, səfərbər və yenilməz qüvvə olmasıdır.

Milli Təhlü­kə­sizlik Nazirliyinin son vaxtlar terror-təxribat fəaliy­yət­lə­ri­nin qar­şı­sı­nın alın­ması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miq­rasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübari­zədə ardıcıl uğurlar əldə etdiyini vurğulayan nazir qeyd edib ki, ancaq bütün bu nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmır. Əksinə daha səfərbər və ayıq-sayıq olmağa çağırır. Ümummilli lider həmişə deyirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bizim amalımız müstəqilliyi və dövlətçiliyi qorumaq və möhkəmləndirməkdir. Ali məqsədimiz Azərbaycanı daha qüdrətli, vətəndaşlarımızın hüquqlarını etibarlı təmin etməkdir. Bunun üçün isə başlıca vəzifəmiz ərazi bütövlüyünün bərpasıdır, sabitliyin və təhlükəsizliyin dönməzliyini qorumaqdır.

Nazir Eldar Mahmudov Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib və xatirələrində həmişəlik qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev çıxış edərək ölkəmizin milli təhlükəsizliyinin və sərhədlərinin toxunulmazlığının sabahını təmin edəcək gənc zabitləri təbrik etməkdən qürur hissi keçirdiyini bildirib. General-leytenant Elçin Quliyev silahlı qüvvələrimizin tərkibinə növbəti zabit nəslinin verilməsində zəhməti və əziyyəti olan hər bir kəsə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə dərin minnətdarlığını bildirib. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordumuzun qüdrətinin artırılması, təhlükəsizliyimizin daha da möhkəmlənməsi işində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gördüyü işlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi zabitlərin peşəkarlığının, Vətənimizə, xalqımıza, Prezidentimizə sədaqətli xidmətin bu işlərin görülməsində böyük rol oynadığını vurğulayıb.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.

Digər zabitlərə də diplomlar təqdim olunduqdan sonra akademiyanın zabitləri və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra tədbir akademiyadakı "Şöhrət" Muzeyində davam etdirilib. Muzeyin salonunda milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr veriblər. Muzeydəki ümummilli lider Heydər Əliyevin büstünün qarşısında və akademiyanın həyətindəki ulu öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirilib.

Xəbər lenti

Xəbər lenti