...

Hakimiyyət dəyişikliyi olsa belə, Fransa müsəlmanlarının üzlərini örtməsi hökumət tərəfindən qəbul olunmayacaq - ekspertlər

Siyasət Materials 17 İyul 2010 09:00 (UTC +04:00)
Fransa hökumətinin müsəlman qadınlarının üzlərini tamamilə örtən ənənəvi geyiminə münasibətdə barışmaz mövqeyi dəyişməz olaraq qalacaq. Ekspertlər belə hesab edirlər.
Hakimiyyət dəyişikliyi olsa belə, Fransa müsəlmanlarının üzlərini örtməsi hökumət tərəfindən qəbul olunmayacaq - ekspertlər

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Y.Ostapenko/

Fransa hökumətinin müsəlman qadınlarının üzlərini tamamilə örtən ənənəvi geyiminə münasibətdə barışmaz mövqeyi dəyişməz olaraq qalacaq. Ekspertlər belə hesab edirlər.

"Üz örtüyü və hicaba gəldikdə isə müxalifətdə olan sollarla hakimiyyətdə olan sağlar eyni mövqeni paylaşırlar: baş örtüyünə "hə", pərəncəyə "yox", - Trend-ə aparıcı Avropa analitiklərindən biri Dominik Moizi deyib.

Fransa parlamentinin Aşağı palatası çərşənbə axşamı ictimai yerlərdə üzü örtən müsəlman qadın geyiminə qoyulan məhdudiyyəti alqışlayıb. Qərara 336 parlamentari səs verib, biri əleyhinə olub, daha 240 nəfəri isə səs verməkdən boyun qaçırıb. Sentyabrda qanun Fransa Senatında səsverməyə qoyulacaq.

Prezident Nikola Sarkozi - sağ konservator - Fransa vətəndaşlarının üz və gözlərini tamamilə örtən geyimin qatı əleyhdarıdır. Sarkozi bir il əvvəl Versalda etdiyi çıxışında pərəncə və hicabı Fransanın milli dəyərlərinə qarşı çıxan qadınların həmrəylik simvolu adlandırmışdı.

"Pərəncə və hicaba qadağa qoyulması haqqında qanun layihəsi həm sollar, həm də sağların bölüşdüyü qondarma "respublika dəyərləri"nin təsiri altına düşür, - Parisdə Charat Consulting analitik mərkəzinin direktoru Silvan Şara belə hesab edir. - Buna görə də hətta sosialistlər hakimiyyətə gəlsə belə, hökumətin siyasəti dəyişməz olaraq qalacaq".

Sosialistlər partiyası sağ konservatorlardan sonra ikinci aparıcı partiya hesab olunur və 2012-ci ildə keçiriləcək növbəti prezident seçkilərində hökumət rəhbərinin sosialistlərin nümayəndələrindən biri seçiləcəyinə ehtimal var.

Bu günlərdə qəbul olunan qanun layihəsinə əsasən, pərəncə və hicab geymək nəinki dövlət müəssisələri və təhsil ocaqlarında, eləcə də küçədə qadağan olunacaq. Qanun pozuntusuna görə 150 avro cərimə ödəniləcək. Çarşabın geyinilməsini məcbur etməyə görə cərimə 100 dəfə ağır olacaq - 15 mindən 19 min avroya qədər cərimə və yaxud bir il azadlıqdan məhrumiyyət.

Fransada Avropada sayca ən böyük müsəlman icması yaşayır. Onlar əhalinin 62 milyona yaxın ümumi sayının beş milyon nəfərini təşkil edir. Hər on fransızdan biri İslam dininə mənsubdur. Lakin rəsmi məlumatlara görə, bütün Fransada tam örtüklü qadınların sayı yalnız iki min nəfərdir.

Dini məsələlər üzrə bir çox ekspertlərin fikrincə, müsəlman geyiminə qoyulan qadağa Fransada İslam dininin sayı beş milyona yaxın (Avropada ən yüksək göstərici) olan tərəfdarlarını təcavüzə təhrik edə bilər.

"Qazeta.ru" Fransanın Müsəlnam İcması Şurasının rəhbəri Məhəmməd Musəvinin sözlərini sitat gətirərək yazır: "Biz hələ parlamentdə müzakirələr başlayanadək belə qərarın əleyhinə idik və indi də öz fikrimizi dəyişmirik. Radikal qadağa çıxış yolu deyil".

Eləcə də beynəlxalq hüquq müdafiəsi təşkilatı Amnesty International qadağaya qarşı çıxış edir.

Sent-Luidəki Vaşinqton Universitetinin antropologiya fakültəsinin professoru Con Bouen hesab edir ki, Fransada bir sıra qanunlar var ki, onlar irimiqyaslı tapşırıqların həllinə deyil, hansısa hadisəyə böyük əhəmiyyət verməyə yönəlib. Hazırkı qanun istisna deyil, o, siyasi rezonans doğurmaq məqsədi daşıyır.

Fransa parlamentində niqabın qadağan olunması haqqında müzakirələr hakimiyyətin yuxarı təbəqəsinin maliyyə fırıldağı ilə bağlı iri korrupsiya qalmaqalında iştirakı fonunda keçir. Bu, hökumətin onsuz da aşağı olan reytinqini (26 faiz) azaldır ki, bu da əhali arasında qeyri-populyar islahatların, eləcə də pensiya islahatlarının reallaşdırılması ilə əlaqədardır. Həmin islahatlara görə, Fransada pensiya yaşı böhranla əlaqədar 60 yaşdan 62 yaşadək artırılıb.

Lakin, Moizi hesab dir ki, Prezident Sarkozi qanun layihəsini irəli sürməklə əhali arasında özünün aşağı reytinqinin yüksəldilməsi ideyasını əlində rəhbər tutmasını inandırıcı hesab etmir.

"Sarkozi, eləcə də əksər fransızlar üçün niqab və üz örtüyü müsəlman hicabından fərqli olaraq Qərbdə Avropa mədəniyyəti və dəyərləri hesab edilən amillərin pozulması deməkdir", - Fransa Beynəlxaq Münasibətlər İnstitutunun (IFRI) xüsusi müşaviri Moizi belə hesab edir.

"Layihənin irəliləməsi prezidentin imicinə o qədər də təsir göstərməyəcək", - Silvan Şara hesab edir.

"Sarkozi artıq neçə ildir ki, immiqrasiya və dini ekstremistlərlə bağlı siyasətdə kəskin mövqe tutan şəxs hesab edilir. İndiki qanun, onun sağ yönümlü baxışlara tərəfdar çıxan şəxsin olmasına zəmin yaradır", - Şara qeyd edib.

Ekspertlərin fikrincə, hökumətin hicab və niqabın geyinilməsi ilə bağlı qanunları Fransaya immiqrant axınına təsir göstərməyəcək.

"İnsanlar işə düzəlmək və ya öz həyatlarını yaxşılaşdırmaq imkanlarını rəhbər tutaraq iqtisadi səbəblərə görə mühacirət edirlər", - "Nəyə görə fransızlar baş örtüklərini sevmirlər" və "İslam fransızsayağı ola bilərmi?" kitablarının müəllifi Bouen hesab edir.

Onun fikrincə, Fransada üzünü örtən qadınların çoxu mühacir deyil, dinə yenicə müraciət edən Fransa vətəndaşlarıdır. Bu qadınların əksəriyyəti üz örtüyünü ilk dəfə Fransada olan zaman geyiniblər.

Şaranın sözlərinə görə, bundan başqa, Fransa müsəlmanlarının çoxu dünyanın üz örtüyü geyinilməyən ölkələrinin, ələlxüsus da Şimali Afrika sakinləridirlər.

Xəbər lenti

Xəbər lenti