...

Aİ sadələşdirilmiş viza şəraitində insanların təhlükəsiz hərəkətini vacib sayır

Siyasət Materials 16 İyul 2010 20:11 (UTC +04:00)
Assosiativ sazişdə nəzərdə tutulan viza rejiminin sadələşdirilməsi vizaların alınması prosedurunun asanlaşdırılması, bunun üçün zəruri sənədlərin və dəyərin azaldılması, gənclər və tələbələr üçün güzəştlərin edilməsi deməkdir.
Aİ sadələşdirilmiş viza şəraitində insanların təhlükəsiz hərəkətini vacib sayır

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Y.Ostapenko/

Assosiativ sazişdə nəzərdə tutulan viza rejiminin sadələşdirilməsi vizaların alınması prosedurunun asanlaşdırılması, bunun üçün zəruri sənədlərin və dəyərin azaldılması, gənclər və tələbələr üçün güzəştlərin edilməsi deməkdir. Bu barədə cümə günü Bakıda jurnalistlərə Avropa İttifaqının assosiativ saziş haqqında danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Con Kyaer deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında vizanın ləğv edilməsi məsələsi hələ ki müzakirə predmeti deyil.

Kyaer hesab edir ki, danışıqların mühüm predmeti təkcə insanların hərəkətinin sadələşdirilməsi deyil, eləcə də belə hərəkət üçün yaxşı və təhlükəsiz şəraitin yaradılmasıdır.

Bu həftə Azərbaycan, Gürcüstan və Ermənistanla assosiativ saziş haqqında danışıqların ilk raundu keçirilir. Sazişlər dəyərlərin işlənməsi üzrə birgə öhdəliklərə əsaslanıb və sahələrin geniş spektrini, o cümlədən siyasi dialoq, ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də ticarət və əməkdaşlıq məsələlərini əhatə edir.

Kyaer cümə günü Azərbaycanla assosiativ sazişi müzakirə etmək üçün Bakıya gələn nümayəndə heyətinə başçılıq edir. Kyaerin rəhbərlik etdiyi departament Avropanın mehriban qonşuluq siyasəti çərçivəsində fəaliyyət göstərir və Şərqi Avropa, Cənubi Qafqaz, xüsusilə də Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Assosiasiya haqqında saziş azad iqtisadi zonanın yaradılmasını nəzərdə tutur. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin sözlərinə görə, Aİ-nin tələblərinə əsasən, zonada iştirak üçün namizəd ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Azərbaycan ÜTT-də hələ ki müşahidəçi ölkədir.

"Əlbəttə, Aİ-nin tərəfdaş ölkələri qanunvericiliklərini Aİ-nin standartlarına yaxınlaşdırmalıdırlar və bəzi tələbləri, o cümlədən ÜTT-yə üzvlüyü yerinə yetirməlidirlər. Azərbaycan hələ ki ÜTT-yə üzv deyil və hər şeyi əhatə edəcək azad iqtisadi zonanın yaradılması haqqında danışıqlara başlamaq qeyri-mümkündür. Lakin Azərbaycanın ÜTT ilə əməkdaşlığı uzun müddətdir davam edir", - Kyaer qeyd edib.

Kyaerin sözlərinə görə, Aİ Azərbaycanın gələcəkdə potensial üzvlüyünü nəzərə alır, mövcud tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə əsaslanır və Azərbaycanla bu sahədə münasibətləri daha yüksək səviyyəyə çatdırmağı mümkün hesab edir.

Azərbaycan Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında bir saziş əsasında əməkdaşlıq edir. Avropa ilə assosiativ sazişin imzalanması Azərbaycan üçün azad ticarət və insanların sərbəst hərəkəti üçün tənzimləyici vasitə olacaq.

Kyaerin fikrincə, Azərbaycan assosiasiya haqqında sazişin imzalanması üzrə danışıqlar prosesi çərçivəsində bir neçə tədbirləri həyata keçirməlidir. "Aİ öz nözbəsində onların həyata keçirilməsini müşahidə edəcək. Avropa İttifaqı bunun üçün hökumətlə konstruktiv dialoq aparmağa çalışacaq", - o deyib.

"Əsas odur ki, danışıqlar prosesi başlayıb. Bu, hər iki tərəfdən - həm Azərbaycandan, həm də Aİ-dən böyük səylər tələb edən ambisiyalı plandır", - Kyaer bildirib və qeyd edib ki, nəticələrin əldə edilməsi üçün vaxt lazımdır.

Xəbər lenti

Xəbər lenti