...

İlin birinci yarısında Bakıda 5464 cinayət hadisəsi qeydə alınıb

Siyasət Materials 17 İyul 2010 17:49 (UTC +04:00)
Şənbə günü Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
İlin birinci yarısında Bakıda 5464 cinayət hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Şənbə günü Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə İdarənin mətbuat xidməti məlumat verib.

Müşavirəni giriş sözü ilə açan Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs, demokratik islahatlar möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının mühüm rolu var. Daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə əldə olunan bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.

Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov 2010-cu ilin birinci yarısında paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, hesabat dövründə Bakı şəhərində ümumən 5464 cinayət hadisəsi qeydə alınıb, onların 84,9%-i (4644) az ağır və böyük ictimai təhlükə törətməyən, 15,1%-i (820) isə ağır və xüsusilə ağır cinayətlər olub.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə quldurluq 10 fakt (15,87%), soyğunçuluq 51 fakt (33,77%), adam oğurluğu 4 fakt (3 dəfə), zorlamalar 6 fakt (7 dəfə), xuliqanlıq 11 fakt (4,55%), mülkiyyət əleyhinə cinayətlər 11 fakt (0,6%), o cümlədən şəxsi əmlak oğurluqları 21 fakt (1,78%) azalıb, hədə-qorxu ilə tələbetmə cinayətləri isə sabit qalıb.

Bütövlükdə ümumi cinayətlərin açılması 1,5% yaxşılaşaraq 80,7% təşkil edib, ağır növ cinayətlərin isə 76,3%-nin açılması təmin olunub, eləcə də naməlum şəraitdə baş vermiş cinayətlərin açılma faizi 60,1-dən 64,2-yə kimi yüksəlib, ötən illə müqayisədə bağlı qalmış cinayətlərin sayı 123 fakt azalıb.

6 ay ərzində qeydə alınmış 1683 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 1546-nın, başqa sözlə 96,5%-nin (2009-cu ildə 95,6%) açılması təmin olunub, qeydə alınmış 29 qəsdən adamöldürmələrin ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 26-sı, başqa sözlə 96,3%-i (ötən il 78%), 18 ölümə sui-qəsdin 15-i, başqa sözlə 88,2% -i, qəsdən sağlamlığa ağır xəsarət yetirmələrin 82,4%-i (ötən il 67,4%), sağlamlığa az ağır xəsarət yetirmələrin 86,7%-i (ötən il 85,3%), soyğunçuluqların 69,3%-i (ötən il 68,5%), ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 95,6%-i (ötən il 92,6%), zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı açılıb, şəxsi əmlak oğurluqlarının açılması 7,8%, mənzil oğurluqlarının isə açılması 18,9% yaxşılaşıb, 14 quldurluq və 14 soyğunçuluq törətmiş 29 nəfərdən ibarət 10 cinayətkar qrup, eləcə də 32 mənzil oğurluğu törətmiş 40 nəfərdən ibarət 15 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Bu sırada keçmiş illərdən bağlı qalmış 4 qəsdən adamöldürmə cinayətinin cari ildə açılması, xüsusən Nəsimi rayonu ərazisində F.İbrahimovu qətlə yetirmiş Cəlilabad rayon sakini Ş.Mirzəyevin ətrafında keçirilmiş məqsədyönlü əməliyyat-axtarış tədbirləri nəticəsində onun Qaradağ rayonu ərazisində 2007-ci ildə X.Cəfərovu, 2008-ci ildə isə O.Nəcəfovu qətlə yetirməsinin müəyyən olunması, eləcə də 2009-cu ildə Nərimanov rayonu ərazisində itkin düşmüş R.Həsənovu odlu silahla qətlə yetirib meyitini Xızı rayonu ərazisindəki Samur-Abşeron kanalına atmış F.Süleymanovun tutularaq istintaqa təhvil verilməsi qeyd edilməlidir.

Bununla yanaşı, 21.01.2010-cu il tarixdə E.Mirzəyevə məxsus "Mersedes" markalı avtomaşının yük yerinin qıfılını, 19.05.2010-cu il tarixdə isə Q.Şükürova məxsus "Range Rover" markalı avtomaşının şüşəsini sındırmaq yolu ilə oradan külli miqdarda pul oğurlamış mütəşəkkil dəstənin peşəkarlıqla zərərsizləşdirilməsi də polis əməkdaşlarının gərgin əməyi sayəsində mümkün olub, əvvəllər məhkum olunmuş həmin şəxslərin ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlardan odlu silah və narkotik vasitə aşkar olunaraq götürülüb.

Xüsusi ilə qeyd olunmalıdır ki, uzun müddət Binəqədi rayonu ərazisində özünü işıq idarəsinin işçisi kimi təqdim etməklə ayrı-ayrı mənzillərə daxil olub hədə-qorxu, fiziki təzyiq göstərmə yolu ilə vətəndaşların qızıl-zinət əşyalarını və pullarını ələ keçirən Şabran rayon sakini C.Orucov 19.06.2010-cu il tarixdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi çoxsaylı cinayət faktları açılıb.

Hesabat dövründə qanunsuz dövriyyədən 104 kiloqramdan çox narkotik vasitə çıxarılıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən güclü təsirə malik 9,4 kq-dan çox tiryək, 9 kq-dan artıq isə heroin çıxarılıb, 36 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib.

Axtarışda olan təqsirləndirilənlərin axtarılması da fəal surətdə davam etdirilib, 834 belə şəxsdən 459-nun və ya 55%-nin, o cümlədən əvvəlki illərdən axtarılanlardan 58-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 80 nəfərin tutulması təmin edilib, bu sahədə aidiyyəti əməkdaşların prinsipial mövqeyi və görülmüş tədbirlər nəticəsində, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 117, qalıq isə 32 fakt azalıb.

Xəbər lenti

Xəbər lenti