...

Azərbaycanda son bir ayda qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər yaxalanıb - MTN

Siyasət Materials 21 İyul 2010 14:56 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanmışdır.
Azərbaycanda son bir ayda qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər yaxalanıb - MTN

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanmış, onlardan ümumilikdə 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülmüş, 5 cinayət işi başlanmışdır. Bu barədə çərşənbə günü Trend-ə MTN-in İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində, "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Həsənov İmran Heydər oğlu, Mahmudov Rahib İmran oğlu və Rusiya Federasiyasının vətəndaşı Cəlalov Camal Mirhüseyn oğlu Sankt-Peterburq şəhərində saxlanılmış, onlardan 397 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, dəstə üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan Möhsün adlı İran İslam Respublikasının vətəndaşı həşişin xüsusi qaydada qranit daşların içərisinə qablaşdırılmasını, gəmi vasitəsilə konteynerdə Rusiyanın Həştərxan limanına, buradan isə yük avtomobili ilə Sankt-Peterburq şəhərinə göndərilməsini təşkil edib. Dəstə üzvləri qranit daşları təhvil alarkən cinayət başında yaxalanmışlar.

Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini Əliyev Fazil İsgəndər oğlu saxlanılmış, onun idarə etdiyi "Azsamand" markalı avtomobilə baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, qabaqcadan əlbir olaraq, Fazil Əliyevin sifarişinə əsasən hazırda şəxsiyyəti istintaqla araşıdırılan İran İslam Respublikasının vətəndaşı satış məqsədilə həmin narkotik vasitənin qaçaqyolla gömrük sərhədindən - gömrük nəzarətindən kənar İrandan Azərbaycan ərazisinə keçirilməsini və Astara rayonunun Telman kəndi yaxınlığında gizlədilməsini təşkil etmişdir. Fazil Əliyev də idarə etdiyi avtomobili ilə həmin yerə gəlmiş, heroini oradan götürüb, Bakı şəhəri istiqamətində hərəkət edərkən Lənkəran rayonu ərazisində yaxalanmışdır.

Daha bir əməliyyat tədbiri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Rufullayev Elizbar İsaxan oğlu, Quliyev Anar Zakir oğlu, Əliyev Ceyhun Naib oğlu və Ağayev Dəyanət Yaşar oğlu saxlanılmış, narkotik vasitə olan - 16 kiloqram 170,94 qram həşiş qətranı və 17 qramdan artıq heroin aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, adları çəkilən şəxslər, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqyolla gömrük sərhədindən - gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə gətirmişlər.

Xəbər lenti

Xəbər lenti