...

ATƏT polislərinin Qırğızıstanda yerləşdirilməsi ölkədə vəziyyətin nizamlanması yolunda düzgün addım deyil – ekspertlər

Siyasət Materials 24 İyul 2010 09:00 (UTC +04:00)
Qırğızıstanın cənubunda ATƏT-in 50 silahsız polisinin yerləşdirilməsi ölkədə vəziyyətin nizamlanması yolunda effektsiz addımdır. Ekspertlər belə hesab edir.
ATƏT polislərinin Qırğızıstanda yerləşdirilməsi ölkədə vəziyyətin nizamlanması yolunda düzgün addım deyil – ekspertlər

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir V.Javoronkova/

Qırğızıstanın cənubunda ATƏT-in 50 silahsız polisinin yerləşdirilməsi ölkədə vəziyyətin nizamlanması yolunda effektsiz addımdır. Ekspertlər belə hesab edir.

Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, ölkənin cənubunda beynəlxalq polis qüvvələrinin olması müxtəlif destruktiv qüvvələri yeni iğtişaşları törətməkdən və vəziyyəti destabilləşdirməkdən çəkindirəcək.

İyunda Qırğızıstanın əhalisinə görə ikinci vilayət mərkəzi olan Oş şəhərində qırğız və özbəklər arasında toqquşmalar baş verib. Bu qarşıdurmalar son 20 ildə baş verən ən faciəvi toqquşmalardır.

Tezliklə iğtişaşlar qonşu Cəlalabad vilayətinə keçib. İğtişaş iştirakçıları maşınları yandıraraq mağaza, bazar və yaşayış evlərini talan ediblər. Küçələrdə soyğunçular özbaşınalıq ediblər.

Son rəsmi məlumatlara görə, 187 nəfər həlak olub, 2 minə yaxın zərərçəkən var. Respublikanın cənubundakı toqquşmalar nəticəsində çoxlu sayda insan qaçqın düşüb. Qırğızıstan hakimiyyəti vəziyyətin sabitləşməsi üçün beynəlxalq yardım istəyib.

ATƏT ölkədə polis qruplarının yerləşdirilməsini bəyənib. Regiona ümumilikdə 52 müşavir göndəriləcək. Qrupun əməliyyat başlanandan dörd ay müddətində yerləşdirilməsi planlaşdırılıb.

Lakin ekspertlərin fikrincə, belə tədbir təkcə qeyri-effektiv deyil, həm də mənfi nəticələrə səbəb ola bilər.

"Silahdan istifadə etmək mandatına malik olmayan və yalnız monitorinq və məsləhətləşmələr aparmaq üçün göndərilən ATƏT-in 52 nəfərdən ibarət polis qüvvəsinin Qırğızıstanda vəziyyətin sabitləşməsi baxımından imkanı azdır", - Trend-ə elektron poçtla Qırğızıstan üzrə rusiyalı ekspert Aleksandr Knyazev deyib.

Regional proqramlar əlaqələndiricisi, REA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Knyazevin sözlərinə görə, onlar heç nəyi dəyişməyəcəklər, lakin onların Qırğızıstana göndərilməsi ayrı-ayrı siyasətçilər tərəfindən ölkədə gedən seçkiqabağı kampaniyada artıq istifadə edilir.

Ölkə buna ümid etmək üçün son dərəcə ağır vəziyyətdədir. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov belə hesab edir. "Vəziyyət son dərəcə bərbaddır, qısası, ölkə xəstədir və çox uzun, intensiv müalicə tələb edir", - "Vremya novostey" qəzetinin icmalçısı Dubnov elektron poçtla Trend-ə bildirib.

Mərkəzi Asiya ölkələri üzrə avropalı ekspert Aşer Pirtin fikrincə, münaqişənin lazımi təhlili hələ indiyədək aparılmayıb.

"Hələ də davam edən münaqişənin səbəbləri araşdırılır, eləcə də onun həlli üzrə danışıqlarda sadə vasitəçilik bu problemin həlli üçün daha lazımi başlanğıc ola bilərdi", - ekspert elektron poçtla Trend-ə bildirib.

Onun fikrincə, Oş şəhərində və digər regionlarda ATƏT polislərinin yerləşdirilməsi barədə qərarı hazırkı şəraitdə müdrik qərar hesab etmək olmaz.

KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) kimi təşkilatlar respublika rəhbərliyinin onlara müraciət etməsinə baxmayaraq, öz qüvvələrini Qırğızıstana yeritməkdən imtina ediblər.

KTMT-nin baş katibi Nikolay Bordyuja açıq şəkildə bildirib ki, qoşunların Rusiyadan Qazaxıstana və ya KTMT tərkibindəki hər hansı digər ölkəyə göndərilməsi regionda gərginliyi yenidən artıra bilər.

"Rusiyaya və KTMT-nin digər ölkələrinə məlumdur ki, əgər onlar Qırğızıstan müvəqqəti hökumətinin tərəfində hərbi əməliyyatlara cəlb olunsalar, hərbçilər təhlükə altında qala bilərlər, çünki onlara Oş və digər vilayətlərin əhalisinə qarşı vuruşan tərəflərdən biri kimi baxacaqlar", - Pirt deyib.

Siyasi Qərarlar İnstitutunun (Almatı) məsləhətçisi Knyazevin fikrincə, Qırğızıstan hökumətinin iqtisadiyyatın və sosial sahənin bərpası üçün kreditləşdirilməsi daha səmərəli olardı.

"Pul həmişə silahdan daha səmərəli alət olub", - Knyazev deyib.

Xəbər lenti

Xəbər lenti