...

Azərbaycan müxalifətinin birləşməsi simvolik xarakter daşıyır və xaricdən verilən sifarişin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər – Siyavuş Novruzov

Siyasət Materials 26 İyul 2010 16:31 (UTC +04:00)
Müxalifətin birliyi sadəcə simvolik xarakter daşıyır və ölkə daxilində deyil, xaricdə olan müəyyən qüvvələrin diqqətinin cəlb olunması kimi, xaricdən verilən sifarişin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər və hər hansı perspektivə xidmət etmir.
Azərbaycan müxalifətinin birləşməsi simvolik xarakter daşıyır və xaricdən verilən sifarişin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər – Siyavuş Novruzov

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Müxalifətin birliyi sadəcə simvolik xarakter daşıyır və ölkə daxilində deyil, xaricdə olan müəyyən qüvvələrin diqqətinin cəlb olunması kimi, xaricdən verilən sifarişin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər və hər hansı perspektivə xidmət etmir. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakim partiyanın internet səhifəsinə verdiyi müsahibəsində bildirib.

"Bu cür ucuz birlik şouları seçkilərin nəticəsinə heç bir təsir göstərməyəcək. Bunun müxtəlif səbəbləri var. Birincisi, Müsavatla AXCP-nin elektoratı eynidir. Burada yeni elektoratın cəlb olunmasından söhbət gedə bilməz", - Novruzov əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir.

Novruzov qeyd edib ki, son dövrlər müxalifət daxilində çox ciddi parçalanmalar, bu düşərgədən qopmalar yaşanıb.

"Bu proses AXCP-də xüsusilə diqqət çəkdi. Təkcə AXCP-də təmsil olunan şəxslər tərəfindən 4-5 partiya yaradılıb. Bəziləri siyasətdən uzaqlaşdılar, bəziləri digər partiyalara qoşuldular. Bu gün AXCP sıralarında bir-iki nəfərdən başqa, üçüncü adamın adını heç kim çəkə bilməz. Birliyə qoşulan digər partiya olan Müsavat isə bu günə qədər bütün seçkilərdə məğlub olub. Bunun nəticəsində də ciddi parçalanmalara məruz qalıb. Orada da hazırda ancaq qəzet səhifələrində görünən bir neçə adamdan və onların qohumlarından başqa heç kəs qalmayıb", - Novruzov deyib.

Onun sözlərinə görə, əgər hər hansı partiyanın aşağı strukturlarında bir boşluq varsa, onların fəaliyyəti zəifdirsə və ya ümumiyyətlə yoxdursa, onda mərkəzi aparatın fəaliyyəti heç vaxt effektli ola bilməz.

"Adlarını çəkdiyimiz partiyaların yerli strukturları yoxdur. Mərkəzi strukturda fəaliyyət göstərənlər isə yalnız qəzet səhifələrində görünür. Elektoratdan isə ümumiyyətlə söhbət gedə bilməz", - Novruzov bildirib.

Xəbər lenti

Xəbər lenti