...

Fələstində sülh kimə lazımdır? – Trend-in icmalçısı

Siyasət Materials 31 İyul 2010 09:25 (UTC +04:00)
Trend-in Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova
Fələstində sülh kimə lazımdır? – Trend-in icmalçısı

Trend-in Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova

"Yaxın Şərqdə barışıq" və "ərəb-İsrail sülh razılaşması" anlayışları artıq çoxdandır ki, üzlərdə inam və ümiddən çox, təbəssüm doğurur.

17 il ərzində beynəlxalq ictimaiyyətin guya səy göstərməsinə baxmayaraq, Yaxın Şərqdə sülh prosesi çox dərin dalana dirənib və tərəflərdən heç biri - nə münaqişə, nə də vasitəçilik edənlər onu oradan çıxarmağa hazırlaşmır. Sülh prosesi artıq çoxdandır ki, adını sülh danışıqları prosesinə dəyişib ki, bu da öz növbəsində danışıqlar xatirinə aparılır.

Burada sual yaranır: indi iki dövlətin - Fələstin və İsrailin birgə mövcud olduğu müqəddəs torpaqda sülh kimə lazımdır? Əgər lazımdırsa, onda bunun üçün nə edilir?

Siyasətdə istənilən ölkə hər şeydən əvvəl öz maraqlarını güdür və artıq sonradan öz qonşularının və ya din və millət qardaşlarının halına yanır. Məsələn, ərəb ölkələrinin timsalında olduğu kimi. Belə yanaşma kifayət qədər məntiqlidir, yalnız bəzən hesab edilir ki, bu və ya digər tərəf müəyyən beynəlxalq imic qazandısa, o zaman ümumilikdə sərbəst heç bir addım belə ata bilməyən qonşu dövlətin problemlərinin həlli ilə məşğul olmalıdır. Belə vəziyyət indi mötədil FƏTH administrasiyasının İsraillə sülh danışıqlarının aparılmasını özünün daha uğurlu ərəb qonşularının, məsələn, Misir və İordaniyanın üzərinə qoyduğu Fələstin cəbhəsində yaranıb. Onlar da öz növbəsində bütün nəzərlərini Ağ Ev administrasiyasına yönəldiblər. İsrail bu "sıradan çıxmış telefondan" heç nəyin əldə olunmayacağını anlayaraq, hərdən öz Qərb müttəfiqlərinə şərtlərinin tam yerinə yetiriləcəyi təqdirdə, fələstinlilərlə sənədi elə günü sabah imzalaya biləcəyini xatırladaraq istədiyi kimi hərəkət edir. Bununla yanaşı, bütün tərəflər bu piar-kampaniyada əslində öz şəxsi maraqlarının qorunması üçün iştirak etdiklərini unutmurlar.

İsrail Baş nazirinin yəhudi yaşayış məntqələrinin tikintisinin davam etdirilməsi ilə bağlı bəyanatı fonunda Qahirədə keçirilən Ərəb Dövlətləri Liqasının son sammiti, ərəb ölkələri, o cümlədən Fələstin administrasiyasının sülh prosesinin pozulmasını necə əsaslandırmağı bacarmadıqlarını açıq-aydın göstərib və buna görə ABŞ administrasiyasına vaxt çərçivəsinin müəyyənləşdirilməsi tələbi ilə müraciət ediblər.

Sülh prosesinin durğunluğu ərəb dünyasındakı ciddi daxili siyasi dəyişikliklərə, xüsusilə də Misirdə və İranın nüvə məsələsi ilə bağlı artmaqda olan gərginliklə eyni vaxtda gedir. İsrail həmişə olduğu kimi, daha sərfəli vəziyyətdə qalıb: yəhudi məskənlərinin tikintisini demək olar bir il donduraraq Qüdslə bağlı hiyləyə əl atıb. Əgər əvvəllər yüzlərlə məskunlaşma bloku Qərb sahili boyunca səpələnməli idisə, indi onlar Qüdsün şərq hissəsində cəmləşib. İsrail və ABŞ on aylıq moratoriumun nəticə verməyəcəyini bilirdilər, lakin eyni zamanda, hamını "balıq olmayanda, xərçəng də balıqdır" deyiminə inandırırdılar. Vaşinqton İsrailin məskunlaşma fəaliyyətinin bir qisminin dondurulması ilə razılaşmağa məcbur olub, əks halda, obyektiv və baş vasitəçi imicini itirərdi. İsrail və ABŞ arasında möhkəm və açıq müttəfiqliyin qorunması İranla qarşıdurmada başlıca rol oynayır.

On ay ərzində ərəb ölkələri sülh prosesini dalandan çıxarmaq üçün yeni heç nə təklif edə bilməyiblər. Ən azı öna görə ki, Fələstin problemi artıq xarici siyasət kursunun prioritetlərinə daxil deyil. Sülh prosesinin Qahirədə başlıca mövzu olacağının bəyan edilməsinə baxmayaraq, Ərəb Dövlətləri Liqasının sammiti əsasən ərəb rejimlərini narahat edən iki başlıca problemə həsr edildi: Misirdə inqilabın başvermə imkanı, "Müsəlman qardaşları" kimi antiqərb və dini partiyaların hakimiyyətə gəlişi; müharibə olacağı təqdirdə, İran körfəzinin ərəb monarxiyalarının Tehrana hücüm üçün əsas hədəfə çevrilməsi.

Ərəb dünyası və siyasətinin mərkəzi olan Misirin dini qruplaşmaların əlinə keçməsi təhlükəsi qərb KİV-də Misir Prezidenti Hüsnü Mübarəkin sağalmaz xəstəliyə tutulması ilə bağlı dərc edilən məqalədən sonra daha da artıb. Gələn il ölkədə prezident seçkiləri keçirilməlidir, halbuki analitiklər hesab edirlər ki, dövlət rəhbəri çox güman Mübarəkin böyük oğlu Camal olacaq. Bununla belə, "Qardaşların" və islahatçı Məhəmməd əl-Baradeyinin imkanları da az deyil. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) keçmiş rəhbəri əl-Baradeyi İranın nüvə proqramına öz loyal yanaşması və Misir cəmiyyətinin demokratikləşdirilməsinin zəruriliyi ilə narahatlıq doğurur. Onun tərəfdarları olan "Müsəlman qardaşları" həm Misirdə, həm də xaricdə geniş populyarlığa malikdir və qonşu Qəzzada Fələstinin hakim HƏMAS qruplaşması ilə çox sıx münasibətlər saxlayırlar. Seçkilərdə əl-Baradeyinin və ya "Qardaşların" qələbə çalması digər ərəb rejimlərini, xüsusilə də monarxiyaları təhlükə altında qoya bilər və kütləvi inqilab fəaliyyəti üçün presedent ola bilər.

Digər başağrıdıcı amil İranın nüvə proqramıdır: ərəb ölkələri maliyyə vəziyyətinin və ABŞ ilə münasibətlərin yaxşı olmasına baxmayaraq, Qərbin iqtisadi sanksiyaları altında olan İranın nüvə potensialı üzrə çatdığı səviyyəyə hələ ki çatmayıblar. Ərəb dövlətlərinin və Türkiyənin regionu nüvəsiz zonaya çevirmək barədə çağırışlarına baxmayaraq, Yaxın Şərqdə nüvə birinciliyi üzrə gizli yarış artıq başlayıb. Məsələn, ABŞ tərəfindən dəstəklənən İordaniya AES-in tikintisi üçün kifayət qədər uranın olduğunu artıq bəyan edib. Bununla belə, Türkiyədə isə Rusiya mütəxəssislərinin Aralıq dənizinin Mersin limanı yaxınlığında layihələşdirdikləri ilk atom elektrik stansiyasının tikintisi haqqında qanun qüvvəyə minib.

Bundan başqa, ərəb dünyasının liderləri Ankaranın regionda artan təsirindən narazıdırlar. Ərəblər regionda ikinci Osmanlı hegemonluğuna imkan verə bilməzlər və çox güman ki, kömək etmək əvəzinə, türklərin "arabasının təkərinə" mane olurlar. Türkiyə - hər şeydən əvvəl indiyədək İsraillə rəsmi surətdə hərbi razılaşması olan NATO-nun müsəlman üzvüdür və istənilən diplomatik qələbənin hamısı ona aid olacaq, ərəb dövlətlərinin payına isə heç nə düşməyəcək. Bundan başqa, Türkiyə İrandan fərqli olaraq, sünni ölkəsidir. Əgər Tehranın təsiri əsasən "Hizbullah" kimi şiə qruplaşmaları arasında yayılırsa, Ankara Misir və İordaniya kimi sünni ölkələrini də təsir zonasına daxil edə bilər. Regionda liderliyi qorumaq üçün gedən mübarizə Fələstin-İsrail sülh prosesini ərəb dünyasının xarici siyasətinin prioritetləri siyahısında birinci yerdən sıxışdırıb çıxarıb. İsraillə dialoqda ərəblərin şərti ona görə qoyulur ki, hamıya Fələstin dövlətinin yaradılmasının hələ də əlçatmaz olmasını izah etsinlər və buna İsrailin ərəb sülh təşəbbüsünün müddəaları ilə razı olmamasını bəhanə gətirirlər. Ərəb ölkələri birbaşa danışıqların bərpa edilməsinə yalnız bircə səbəbdən razı olublar: onların əvəzində təklif etməyə bir şeyləri yoxdur və növbəti imtina amerikalıları qəzəbləndirə bilər.

Maraqlıdır ki, həm ərəblər, həm də israillilər anlayırlar ki, sülh prosesinin sadəcə olaraq təqlidi ilə məşğuldurlar və bunda da Vaşinqton onları həvəslə oynadır. Gündəlikdə isə İranın nüvə proqramının gələcək taleyi kəskin şəkildə durur. Bununla belə, Fələstin administrasiyası diqqətini Qərb sahilində öz hakimiyətinin möhkəmlənməsinə və Fələstin əhalisinin böyük etimadını qazanan HƏMAS-ın gücləndirilməsinə imkan verilməməsinə yönəldib.

Fələstində sülh hazırda elə görünür ki, sadə Fələstin xalqından başqa heç kimə lazım deyil. Belə vəziyyətdə köhnə üsullara əl atmalı olursan: sərhəd NBM-i bağlamaq, Qəzzaya humanitar yüklərin daşınmasını məhdudlaşdırmaq, əgər bunlar kömək etməsə, dinc əhaliyə qarşı növbəti hərbi əməliyyata başlamaq.

Xəbər lenti

Xəbər lenti