...

Qəbələ Beynəlxalq festivalı Azərbaycan və dünya musiqisinin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır - Mehriban Əliyeva (YENİLƏNİB)

Siyasət Materials 31 İyul 2010 21:03 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur. Məlumatı Azərtac Dövlət İnformasiya Agentliyi yayıb.
Qəbələ Beynəlxalq festivalı Azərbaycan və dünya musiqisinin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır - Mehriban Əliyeva  (YENİLƏNİB)

RED. əlavəsi: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı əlavə olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur. Məlumatı Azərtac Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını, xanımını və YUNESKO-nun baş direktorunu hərarətlə qarşılamışlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqları Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələdə səmimi qəlbdən salamlayıb.

"Qəbələ təkcə Azərbaycanın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin zəngin tarixi və əsrarəngiz təbiəti vardır. Yeni eranın əvvəlində Qəbələ dünyanın ən qədim sivilizasiyalarından biri olan Qafqaz Albaniyasının paytaxtı idi. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıb. Təbii ki, hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Qəbələ torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay və bulaqların aramsız axarı və əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir", - Mehriban Əliyeva deyib.

Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur, lakin Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı.

"Qəbələ Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri bu səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcəkdir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxacaqlar. Kamera, klassik, folklor, caz musiqisi səslənəcək, bölgədə olan musiqi məktəblərinin şagirdləri ilə ustad dərsləri keçiriləcək, peşəkarlıq əməkdaşlığı yaranacaqdır. Bir sözlə, bütün bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır.
Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu öz növbəsində, ölkəmizin musiqi irsinin qorunub saxlanması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Mən bu sırada Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları vurğulamaq istərdim. Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır", - birinci xanım Mehriban Əliyeva deyə bildirib.

Mehriban Əliyeva İrina Bokovaya dərin minnətdarlığını çatdırıb.

"Xanım Bokova YUNESKO-nun baş direktoru vəzifəsində öz ilk səfərləri sırasında ölkəmizə gəlib və bu gün bizimlə Qəbələ festivalında iştirak edir. Azərbaycan ilə YUNESKO arasında çox sıx əməkdaşlıq mövcuddur. Son illər Heydər Əliyev Fondunun iştirakı və YUNESKO-nun dəstəyi ilə bir sıra iri layihələr artıq reallaşdırılıb. Mən bu sırada Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Beynəlxalq muğam festivalının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, təhsil sahəsində olan layihələri vurğulamaq istərdim. Mən ümidvaram ki, xanım Bokovanın ölkəmizə səfəri bu əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.
Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq bu gün burada olduğunuza görə Sizə minnətdaram. Mən əminəm ki, Sizin dəstəyiniz festivalın bütün iştirakçıları, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir.
Festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri səmimi qəlbdən salamlayıram və onlara təşəkkürümü bildirirəm. Bu musiqi bayramı ilk növbədə, sizin sayənizdə baş verir və mən sizin hamınıza Azərbaycana "Xoş gəlmisiniz" deyirəm.
Festivalın təşkilində əməyi olan hər bir insana, o cümlədən Heydər Əliyev Fondunun komandasına və yerli administrasiyaya dərin minnətdarlığımı bildirirəm. Bütün festival iştirakçılarına səmimi qəlbdən uğurlar arzulayıram və ümidvaram ki, möhtəşəm təbiət və dahi musiqinin qovuşması heç kimi biganə qoymayacaq və Qəbələ festivalı əsl gözəllik təntənəsinə çevriləcəkdir", - Azərbaycanın birinci xanımı deyib.

Mərasimdə çıxış edən YUNESKO-nun baş direktoru xanım İrina Bokova YUNESKO-nun "Qızıl Motsart" medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir.

Mərasimdə Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.
Sonra konsert proqramı oldu.
London Kral Filarmonik Orkestrinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa etdiyi ilk əsər Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin "Koroğlu" operasının üverturası oldu.
Tanınmış musiqiçilər Yuri Başmet bəstəkar Bruçun əsərini, Dmitri Yablonski dahi bəstəkar Çaykovskinin violonçel və orkestr üçün noktürnü ifa etdilər. Gecədə Motsartın 40-cı simfoniyasından hissələr ifa olundu.
Tamaşaçılar Meksikadan dəvət edilən tanınmış tenor Emilio Ponsun, Böyük Britaniyadan gələn skripkaçı Xloe Hanslipin mükəmməl ifalarını da dinlədilər.
Xalq Artisti, professor Fərhad Bədəlbəylinin ifasında bəstəsi özünə aid olan fortepiano və orkestr üçün "Dəniz" və Tofiq Quliyevin "Qaytağı" əsərləri gecəyə xüsusi ovqat bəxş etdi.
Festivalın rəsmi açılış mərasiminə Azərbaycan musiqisinin fəxri, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin "Azərbaycan" mahnısı yekun vurdu.
Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Xəbər lenti

Xəbər lenti