...

Azərbaycanda "Azadlıq" blokuna alternativ yaradılacaq blokun daha bir üzvü məlum olub

Siyasət Materials 31 İyul 2010 12:07 (UTC +04:00)
Azərbaycanda "Azadlıq" blokuna alternativ blokun daha bir üzvü məlum olub.

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Azadlıq" blokuna alternativ blokun daha bir üzvü məlum olub.

Azərbaycan Demokrat Partiyası (ADP) "Azadlıq" blokuna alternativ olaraq yaradılacaq yeni blokun üzvü olacaq. Bu barədə şənbə günü Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

"Azərbaycan Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) və Ümid partiyaları ilə məsləhətləşmələr aparırıq. Qarşıdan gələn seçkilərdə mümkün qədər blok şəklində iştirak etməyə üstünlük veririk. Bu blok müxtəlif konfiqurasiyalarda ola bilər. ADP-ALP-VİP, ADP-Ümid-ALP-VİP, Ümid-ADP-ALP-VİP kimi konfiqurasiyalar müəyyənləşə bilər", - Cəlaloğlu əlavə edib.

İyulun 13-də "Azadlıq" blokuna daxil olan AXCP-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verməsi xəbəri yayıldıqdan sonra bloka daxil olan digər partiyalar blokun fəaliyyətinin dayandığını elan ediblər.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunurdu.

İndi "Azadlıq" blokuna alternativ olacaq blokun yaradılması ilə bağlı danışıqlar gedir.

ADP sədri müxalif cəbhədəki digər partiyaların durumundan da danışıb.

"Müxalifət cəbhəsində yeni vəziyyət yaranıb. İndiyə qədər mövcud olan fikirlərə yenidən baxmaq lazımdır. Hansı ki, həmin fikirlər indiyə qədər müvəffəqiyyət qazanmayıb. İndi yeni konfiqurasiyaların yaradılması üçün yeni şərait yaranıb. Müsavatla AXCP arasında yeni konfiqurasiya yaranır. Bundan əvvəl Müsavatla DUİ arasında yaranmış konfiqurasiya pozulub", - Cəlaloğlu deyib.

Xəbər lenti

Xəbər lenti