Rusiya Dağlıq Qarabağ münaqişəsinın həll olunması üzrə öz vəzifələrini hökmən yerinə yetirəcək - Prezident Dmitri Medvedev

Siyasət Materials 4 Sentyabr 2010 03:38 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsi ən tez bir vaxtda tənzimlənməlidir. Çünki danışıqlar prosesi artıq neçə illərdir ki, davam edir. Bunu sentyabrın 3-də sənədlərin imzalanması mərasimindən sonra Rusiya Prezidenti Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"1992-ci ildə bu məsələ ilə məşğul olan Minsk qrupu yaradılmışdır. 1994-cü ildən atəşkəs haqqında saziş bağlanmışdır. O vaxtdan atəşkəs rejimi mövcuddur. Lakin bütün bu illər ərzində münaqişənin tammiqyaslı tənzimlənməsinə təəssüf ki, nail ola bilməmişik. Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridilmiş, nəticədə Dağlıq Qarabağdan və Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun ərazisindən yüz minlərlə azərbaycanlı qovulmuşdur.

Beynəlxalq təşkilatların qətnamələri mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Həmin sənədlərdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması haqqında tələblər irəli sürülür. ATƏT-in Lissabon sammitinin qərarları, digər beynəlxalq təşkilatların qətnamələri mövcuddur", deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, münaqişə həmin qərarlar və qətnamələr əsasında, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzalanmış Birgə Bəyannaməsində də əks olunmuşdur.

"Ərazi bütövlüyü prinsipinin xalqların öz müqəddəratını təyin etmək hüququ ilə əlaqələndirilməsi məsələsi, bizim fikrimizcə, həll edilə bilməyən məsələ deyildir. Xalqın təyini-müqəddərat hüququ ölkələrin ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmamalıdır və ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Buna görə də biz hesab edirik ki, məsələnin məhz beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qətnamələri əsasında həllini tapmaq lazımdır. Azərbaycan torpaqlarının işğal edilməsinə son qoymaq, yüz minlərlə məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmasına və sülh şəraitində yaşamasına imkan yaratmaq lazımdır.

Ümid edirəm ki, erməni tərəfi konstruktiv yanaşma nümayiş etdirəcək və biz münaqişəni mənim dediyim prinsiplər əsasında tənzimləmək yolunu tapa biləcəyik", Prezident İlham Əliyev söyləyib.

Azərbaycan Prezidenti bu prosesdə fəal iştirakına görə Rusiya Prezidentinə təşəkkür edib.

"Dmitri Anatolyeviçin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüş keçirilmişdir. Bu fakt özlüyündə misilsiz xarakter daşıyır. Həmsədr ölkələrin liderləri tarixdə hələ heç vaxt bu cür fəallıq və ən başlıcası, effektivlik nümayiş etdirməmişlər.
Dmitri Anatolyeviçin iştirakı ilə tərəflərin yaxınlaşdırılması işində çox mühüm addımlar atılmışdır. Mən Rusiya Prezidentinə təşəkkür etmək, eyni zamanda, ümidvar olduğumu bildirmək istəyirəm ki, o, gələcəkdə də bu istiqamətdə səy göstərəcəkdir. Biz bu gün bu məsələni müzakirə etmişik. Mən tam əminəm və inanıram ki, Rusiya Prezidentinin şəxsi iştirakı çox müsbət rol oynayır və onun iştirakı ilə aparılan danışıqlar daha səmərəlidir", dövlət başçısı qeyd edib.

Prezident Dmitri Medvedev deyib ki, son illər Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiya Prezidentinin iştirakı ilə görüşlərin sayı hədsiz çox olmuşdur.

"Bu yaxınlarda mən həmin mövzuda danışmışam. Mən demişəm ki, son vaxtlar görülən işlərə görə xəcalət çəkmirəm. Bu, dərin, düşünülmüş müzakirələrdir və biz belə prosesdə yetərincə çətinliklər olduğunu anlayırıq. İstənilən halda, bu səylər müəyyən nəticələr verir. Danışıqlar davam edir və düşünürəm ki, əlaqlərin intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu çərçivəsində vəzifələrini, həm də bu mövzuda ünsiyyəti davam etdirən qonşu ölkə kimi mənəvi vəzifələrini yerinə yetirməyə hazırdır. Şəxsən mən gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram. Ümidvaram ki, ölkələrimizin xarici siyasət idarələrinin iştirakı və şəxsən bizim iştirakımızla bu cür məsləhətləşmələr davam etdiriləcəkdir", Dmitri Medvedev söyləyib.

Rusiya Prezidenti xoş sözlərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

"Rusiya öz vəzifələrini hökmən yerinə yetirəcək və zəruri nəticənin əldə edilməsinə hərtərəfli kömək göstərəcəkdir. Nəticə isə çox lazımdır. Bu nəticə regiona möhkəm sülh və təhlükəsizlik gətirməyə qadirdir. Heç şübhəsiz ki, Rusiya Federasiyası da bunda maraqlıdır", Dmitri Medvedev deyib.

Xəbər lenti

Xəbər lenti