Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar - Prezident Ilham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Sentyabr 2010 23:59 (UTC +04:00)
Sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar - Prezident Ilham Əliyev (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Prezidentin nitqi əlavə olunub

Sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İftar mərasimini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə açdı. O, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu söylədi.
Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Allahşükür Paşazadə ölkəmizdə vətəndaşların vicdan azadlığının təmin olunmasında böyük xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin onu ötən il "Şərəf" ordeni ilə təltif etməsini məmnunluqla xatırladı, bir daha dövlətimizin başçısına dərin təşəkkürünü çatdırdı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda hökm sürən sabitliyin, inkişafın, birliyin, vicdan azadlığı və tolerantlığın təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasətinin dayandığını xüsusi vurğuladı. O, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı, nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırdı.
Respublikamızda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. Azərbaycanda Dövlət Bayrağı Meydanının açılmasından sonsuz qürur və şərəf hissi duyduğunu vurğulayan Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə, o cümlədən Rusiyada da yüksək qiymətləndirildiyini bildirdi.
O, dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfəyə görə Rus Pravoslav Kilsəsinin "Müqəddəs Apostol Varfolomey" qızıl medalını Prezident İlham Əliyevə təqdim etdi.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete ölkəmizdə dövlətlə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söylədilər, təbriklərini çatdırdılar.
Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğuladı. O, dünyasını dəyişən soydaşlarımızın ruhuna dərin ehtiramını bildirdi.

Prezident İlham Əliyev çıxışında bildirib ki, bu görüşlər artıq gözəl bir ənənədir.

"Bu ənənə əminəm ki, bundan sonra da davam edəcəkdir. Mübarək Ramazan ayında şeyx həzrətlərinin dəvəti ilə təşkil olunan bu görüşlərin çox böyük mənası vardır. Burada artıq qeyd olundu ki, Azərbaycanda din ilə dövlət arasında münasibətlər çox sağlam zəmində qurulmuşdur. Dövlətçilik tarixi böyük olan ölkələrdə bu münasibətlər əvvəlki əsrlərdə, əvvəlki dövrlərdə artıq təşkil olunmuşdur. Azərbaycan isə cəmi 20 ilə yaxındır ki, müstəqillik həyatını yaşayır və bizdə dinlə dövlət arasındakı münasibətlərin tənzimlənməsi böyük səylər tələb edir. Mən çox şadam ki, Azərbaycan xalqının və Azərbaycanda əsrlər boyu yaşamış və yaşayan bütün millətlərin nümayəndələrinin həmrəyliyi, birliyi müstəqillik dövründə də özünü büruzə verdi, özünü göstərdi. Müstəqillik dövründə din ilə dövlət arasında yaranan münasibətlər bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir. Bu münasibətlərin möhkəmlənməsində və qurulmasında ulu öndər Heydər Əliyevin böyük səyləri, böyük zəhməti olubdur. Heydər Əliyevin şeyx həzrətləri ilə şəxsi dostluq əlaqələri də Azərbaycanda din ilə dövlət arasındakı münasibətlərin qurulmasına çox böyük töhfə vermişdir" Prezident qeyd edib.
 
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

"Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bizə bəzən elə gəlir ki, hər yerdə belə olmalıdır. Amma əfsuslar olsun ki, hər yerdə heç də belə deyildir. Bəzi yerlərdə, bəzi ölkələrdə dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir. Azərbaycanda bütün dinlərin nümayəndələri, bir daha demək istəyirəm ki, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Artıq bu ənənələr möhkəmlənir və heç şübhə etmirəm ki, gələcək illərdə və dövrlərdə Azərbaycanda dini münasibətlər lazımi səviyyədə təşkil olunacaqdır.
Biz öz milli dəyərlərimizə sadiq olan xalqıq. Biz öz milli mənəvi dəyərlərimizi hər şeydən üstün tuturuq. Bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamışdır. Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Amma buna baxmayaraq, öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qoruya bildik və bu amillər bu gün müstəqil ölkənin inkişafı üçün də mühüm rol oynayır" İlham Əliyev vurğulayıb.

Prezidentin sözlərinə görə, son illər ərzində Azərbaycanda bütün dinlərə məxsus olan abidələrdə təmir-bərpa işləri gedir. Yüzlərlə yeni məscid tikilmişdir. Digər dinlərin məbədləri tikilir, təmir olunur və gələcəkdə də tikiləcəkdir.

"Bu, onu göstərir ki, Azərbaycanda bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Millətini sevən, dininə hörmətlə yanaşan insan başqa millətdən olan insanları da sevməlidir, başqa dinlərə də hörmətlə yanaşmalıdır. Azərbaycanda bax bu əsaslarda güclü dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkil olunmasında mühüm rol oynamağa başlamışdır. Mən çox şadam ki, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlər dünya birliyində də qiymətləndirilir. Bu nailiyyətlərin mövcudluğu bizə imkan verir ki, bu sahədə mötəbər tədbirləri Azərbaycanda keçirək. Bu barədə artıq burada deyildi. Hörmətli şeyx həzrətlərinin yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur və müxtəlif ölkələrdən dini rəhbərlər qonaqlarımızın sırasında idi. Eyni zamanda, dünya dinlərinin zirvə görüşü Azərbaycanda ən yüksək səviyyədə keçirilmişdir. Bu zirvə görüşü haqqında təəssüratlar, fikirlər və xatirələr bu günə qədər bizə gəlib çatır. Bu, çox sevindirici haldır. Biz istəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çoxalsın. Çünki Azərbaycan bu mövzuda tədbirlərin keçirilməsi üçün hesab edirəm ki, məqbul məkandır" Prezident vurğulayıb.
 
Dövlət başçısı söyləyib ki, Azərbaycanda vətəndaş birliyi, vətəndaş həmrəyliyi vardır. "Azərbaycanda dini, milli məsələlərin həllində çox böyük uğurlar vardır. Bu, bizim böyük sərvətimizdir, böyük nailiyyətimizdir. Biz bunu yüksək qiymətləndiririk. Mən əminəm ki, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlər, təcrübəmiz başqa yerlərdə də öyrənilə bilər və bu proseslər artıq başlanmışdır.
Bir il bundan əvvəl biz bu salonda görüşmüşdük, fikir mübadiləsi aparmışdıq. Bir il çox tez keçdi və şeyx həzrətləri bu dəfə məni iftar süfrəsinə dəvət edəndə fikirləşdim ki, bir il nə qədər sürətlə keçdi. Nəyə görə? Çünki bu bir il ərzində o qədər hadisələr, o qədər tədbirlər görüldü. Azərbaycanda bütün işlər o qədər sürətlə aparılır ki, bəzən heç vaxtın bu qədər sürətlə keçməsinə də fikir vermirsən. Ancaq bu son bir il ərzində ölkəmizdə bütün sahələrdə çox müsbət proseslər gedib, Azərbaycan daha da möhkəmlənib. Baxmayaraq ki, 2009-2010-cu illərdə dünyada mövcud olan böhran demək olar, bir neçə ölkəni çox ciddi sarsıtmışdır. Biz Azərbaycan əhalisini bu böhranın fəsadlarından qoruya bildik. Azərbaycanın inamlı və sürətli inkişafını təmin edə bildik.
Ölkədə bütün sosial və iqtisadi proqramlar plan üzrə aparılmışdır. Heç bir sahədə yubanma, geriləmə olmamışdır. Nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviyyədə icra edilmişdir. Bu onu göstərir ki, ölkəmiz artıq o səviyyəyə çatıb ki, hətta dünya miqyaslı problemlər bizə o qədər də böyük təsir etmir. Bunun yeganə səbəbi ondan ibarətdir ki, biz öz siyasətimizi düşünülmüş şəkildə aparırıq. Bizim siyasətimiz həm gələcəyə, eyni zamanda, bu gün ölkə qarşısında duran problemlərin həllinə yönəldilib. Atılan bütün addımlarımız bir məqsədi güdür: Azərbaycanı daha gücləndirək, Azərbaycan əhalisinin rifah halını yaxşılaşdıraq, ölkədə sabitliyi möhkəmləndirək, təhlükəsizlik tədbirlərini gücləndirək ki, Azərbaycan xalqı rahat, sərbəst, azad və firavan yaşasın. Bunu etmək üçün bizdə bütün imkanlar vardır. Artıq Azərbaycan dövlət quruculuğu işində böyük uğurlara nail olubdur. Bizim artıq güclü dövlətimiz vardır.
Azərbaycanda bütün azadlıqlar vardır. O cümlədən Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə qorunur. Azərbaycanda demokratik azadlıqlar güclənir və bu meyillər möhkəmlənir, bu da çox mühüm amildir. İqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Əldə edilmiş nailiyyətlər bunun ən yaxşı sübutudur. Sosial məsələlər həllini tapır. Azərbaycan təsir imkanlarını genişləndirir. Beynəlxalq müstəvidə nüfuzumuz artır və tərəfdaşlarımızın sayı çoxalır. Azərbaycan artıq uzun illərdir ki, ikitərəfli və çoxtərəfli əsaslarda etibarlı tərəfdaş kimi qəbul edilir. Yəni, ölkəmizin hərtərəfli inkişafı təmin edilib. İnkişafın strateji istiqamətləri müəyyən edilib. Hər bir tarixi dövr və gələcək dövr üçün konkret proqramlar tərtib edilib və icra olunur. Məhz buna görə biz nail ola bilmişik ki, ölkə hərtərəfli inkişaf etsin. Ölkəmizin bütün problemləri tədricən həll olunacaqdır" İlham Əliyev deyib.
 
Prezident qeyd edib ki, qarşıda duran ən başlıca vəzifə, ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.

"Bu istiqamətdə bizim birmənalı mövqeyimiz daha da güclənir. Azərbaycan gücləndikcə, təbii ki, ölkəmizin mövqeyi də güclənəcəkdir. Nəzərə alsaq ki, mövqeyimiz hansısa qeyri-real arzulara deyil, məntiqə, beynəlxalq hüquqa, ən mötəbər beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına əsaslanır, nəzərə alsaq ki, Azərbaycan bu bölgədə öz fəaliyyəti ilə və irəli sürdüyü təşəbbüslərlə təsir imkanlarını gücləndiribdir, iqtisadi cəhətdən böyük və uğurlu yol keçibdir, mən şübhə etmirəm ki, biz bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik. Mən buna şübhə etmirəm.
Biz elə etməliyik ki, hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq, öz sahəsində əməli işləri, fəaliyyəti ilə ölkəmizin güclənməsinə xidmət göstərsin və öz töhfəsini versin. Azərbaycan uzun illərdir ki, bu ədalətsizliklə üzləşibdir. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Vətəndaşlarımız tarixi torpaqlarından didərgin salınmışdır və bu ədalətsizlik əfsuslar olsun ki, bu gün də davam edir. Amma mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən Dövlət Bayrağı Meydanının açılışı mərasimindəki çıxışımı bir daha xatırlatmaq istəyirəm, Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!
Bizim işimiz haqq işidir. Azərbaycan sülhsevər dövlətdir. Biz bütün ölkələrlə münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına çalışırıq, buna nail oluruq. Ölkədə gedən proseslər, bir daha demək istəyirəm ki, müsbət istiqamətdə davam edir. Bugünkü məclis özlüyündə gözəl bir göstəricidir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri, sözün əsl mənasında, dostluq, qardaşlıq şəraitində yaşayırlar. Mən şübhə etmirəm ki, bundan sonrakı dövrlərdə də bu gözəl ab-hava Azərbaycanda qalacaqdır. Milli münasibətlər, dinlərarası münasibətlər Azərbaycanda həmişə olduğu kimi, yüksək səviyyədə həll olunacaqdır.
Mən bu gözəl gündə öz dostuma - şeyx həzrətlərinə bir daha müraciət etmək istəyirəm. Ona minnətdarlığımı bildirmək istəyirəm ki, şeyx həzrətləri öz fəaliyyəti ilə Azərbaycanın haqq işinin dünya birliyinə çatdırılmasında mühüm işlər görür. Onun beynəlxalq səviyyədəki nüfuzu və ona olan hörmət Azərbaycanı gücləndirir. Şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilmiş gözəl beynəlxalq tədbirlər bunun əyani sübutudur. Həm dünya dini rəhbərləri, eyni zamanda, böyük dövlətlərin başçıları ilə görüşlərdə şeyx həzrətləri haqqında xoş sözlər eşidəndə çox sevinirəm. Bu, ədalətli qiymətdir və mən çox şadam ki, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da şeyx həzrətlərini tanıyırlar, ona hörmət edirlər, həm bizim bölgədə, həm Qafqaz bölgəsində, eyni zamanda, qonşuluqda və dünya miqyasında. Mən əziz dostum şeyx həzrətlərinə gələcək fəaliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, onun bütün arzuları həyatda öz əksini tapsın və mən bilirəm ki, onun ən böyük arzusu Azərbaycan torpaqlarının işğal altından çıxmasıdır, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Bir daha əziz dostlar, bu gözəl gündə mən sizi ürəkdən salamlayıram. Qarşıdan Ramazan bayramı gəlir. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun" Prezident nitqinin sonunda bildirib.

Sonra Qurani-Kərimdən ayələr və Ramazan duası oxundu, iftar süfrəsi açıldı.
İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət nümayəndələri, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların təmsilçiləri, Milli Məclisin deputatları iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti