...

GUAM ABŞ-da əməkdaşlığın gələcək planlarını müzakirə edəcək – təşkilatın baş katibi

Siyasət Materials 1 Oktyabr 2010 11:30 (UTC +04:00)
İlin sonunadək GUAM-ın baş katibinin başçılığı ilə milli koordinatorların nümayəndə heyəti təşkilat və Amerika Birləşmiş Ştatları arasında ikiillik yeni əməkdaşlıq planı ilə bağlı fikir mübadiləsinin aparılması üçün Vaşinqtona səfər edəcəklər.
GUAM ABŞ-da əməkdaşlığın gələcək planlarını müzakirə edəcək – təşkilatın baş katibi

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

İlin sonunadək GUAM-ın baş katibinin başçılığı ilə milli koordinatorların nümayəndə heyəti təşkilat və Amerika Birləşmiş Ştatları arasında ikiillik yeni əməkdaşlıq planı ilə bağlı fikir mübadiləsinin aparılması üçün Vaşinqtona səfər edəcəklər. Bununla bağlı razılıq sentyabrın 24-də Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurası-ABŞ görüşünün nəticələri üzrə əldə olunub. Bu barədə təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

"Bu görüşdə iştirak edən Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Motsak Dövlət Departamenti ilə səfərimizin konkret tarixini razılaşdırmaq üçün səfirliklərimizin işini koordinasiya edir. Düşünürəm ki, səfər dekabrın birinci yarısında baş tutacaq", - Trend-ə Kiyevdən telefonla Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, təşkilat bəzi müşahidəçilər tərəfindən GUAM-ın ünvanına tənqidə baxmayaraq, işini uğurla davam etdirir.

"Mən təşkilatın ünvanına tənqidləri normal qəbul edirəm və hesab edirəm ki, bu, bizə işimizi daha yaxşı təşkil etməkdə kömək edir", - Çeçelaşvili qeyd edib. "MDB və ya Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkilatımızın həyata keçirdiyi layihələrə oxşar layihələri həyata keçirmək, eləcə də GUAM-ın əldə etdiyi uğurlara nail olmaq mümkün deyil", - baş katib vurğulayıb.

Onun sözlərinə görə, digər təşkilatlar çərçivəsində azad iqtisadi zona yaratmaq mümkün deyil, belə ki, bu qurumların əksər iştirakçıları müharibə şəraitindədirlər və onlar arasında diplomatik münasibətlər yoxdur.

"Bununla yanaşı, mütəşəkkil cinayətkarlıqla birgə mübarizə üzrə layihələri yaratmaq və ya tranzit nəqliyyat dəhlizinin vahid konsepsiyasını formalaşdırmaq çətindir. Bu isə GUAM çərçivəsində artıq uğurla həyata keçirilib", - Çeçelaşvili belə hesab edir.

"Tənqid tənqidliyində qalır, biz isə bütün bu illər ərzində təşkilatın yarandığı andan öz işimizi davam etdiririk", - o deyib.

GUAM-ın formatı keçmiş sovet ölkələri tərəfindən 1997-ci ildə Strasburqda Avropa Şurası dövlətləri rəhbərlərinin sammitində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd il sonra təşkilatı tərk edib. 2006-cı ildə bu formatın Kiyevdə keçirilən sammitində GUAM-ın beynəlxalq təşkilat kimi yenilənərək, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM adlandırılması haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti