Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir S.Süleymanov/
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sammitinin Astanada keçirilməsi haqqında tarixi qərar Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətidir. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu Senatın vitse-spikeri Aleksandr Sudyinlə Strasburqda görüşü zamanı bəyan edib. Məlumatı Qazaxıstan Senatının mətbuat xidməti yayıb.
"Sammitin keçirilməsi haqqında tarixi qərar Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətidir. Nazarbayev yalnız Qazaxıstanın deyil, bütün Türk dünyasının lideridir", - Çavuşoğlu deyib.
Tərəflər həmçinin Qazaxıstan Millətlər Assambleyasının fəaliyyətini, onun ölkənin ictimai-siyasi həyatında rolunu müzakirə ediblər.
"Çavuşoğlu vurğulayıb ki, Assambleyanın fəaliyyəti Qazaxıstanın etniklərarası münasibətlərdə problemləri effektiv şəkildə həll edən ölkə kimi beynəlxalq nüfuzunun inkişafına imkan yaradır", - məlumatda deyilir.
Strasburqda AŞ PA-nın payız sessiyası keçirilir.
"AŞ PA ilə qarşılıqlı fəaliyyətə mühüm əhəmiyyət veririk. Qazaxıstan parlamenti Avropa həmkarları ilə konstruktiv tərəfdaşlığın inkişafında maraqlıdır", - Aleksandr Sudyin deyib.
Onun sözlərinə görə, "Qazaxıstan və Avropa Şurası arasında fəal parlamentlərarası əməkdaşlıq siyasi dialoqun möhkəmlənməsi və qarşılıqlı iqtisadi fəaliyyətin genişlənməsinə imkan verir.