...

Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir – Prezident İlham Əliyev (YENİLƏNİB)(FOTO)

Siyasət Materials 13 Oktyabr 2010 00:49 (UTC +04:00)
Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir. İmkanlarımız artır, neft hasilatı sabitdir, qaz hasilatı ildən-ilə artır, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir – Prezident İlham Əliyev (YENİLƏNİB)(FOTO)

RED. əlavəsi: Dövlət başçısının çıxışı əlavə olunub

Bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir. İmkanlarımız artır, neft hasilatı sabitdir, qaz hasilatı ildən-ilə artır, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

"Şahdəniz" yatağının ikinci fazasının işlənməsi, "Ümid", "Abşeron" yataqlarından, kəşfiyyat işləri aparılan digər qaz yataqlarından gözlənilən ümidverici nəticələr, əlbəttə ki, qaz potensialımızı bəlkə də birə on artıracaqdır. Bugünkü hasilat və ixrac səviyyəsi sadəcə olaraq birinci mərhələdədir. Əsas işlər qabaqdadır. Biz o işlərin nəticələrini bir neçə ildən sonra görəcəyik. Ancaq biz buna indidən hazır olmalıyıq, bütün addımlarımızı elə atmalıyıq ki, qarşıya qoyulan məqsədə çataq. Bu günə qədər neft-qaz sektorunda qarşıya qoyulan bütün məqsədlər təmin olunmuşdur. Bir dəfə də səhv addım olmamışdır, bir dənə də uğursuzluq olmamışdır. Biz ancaq uğurları görürük. Biz buna nail ola bilmişik" İlham Əliyev çıxışında bildirib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısının sözlərinə görə, keçən ilin axırında Heydər Əliyev prospektində Azərbaycan Dövlət Neft Fondunun inzibati binasının təməl daşını qoyulub.

"Düzdür, Neft Fondu Dövlət Neft Şirkətinin hesabına böyüyüb və o da artıq dünya maliyyə bazarında, qiymətli kağızlar bazarında öz rolunu oynamaqdadır. Dövlət Neft Fondu çox şəffaf və mütərəqqi təşkilatdır. Neft Fondunda yığılan vəsait Dövlət Neft Şirkətinin fəaliyyəti hesabına, Heydər Əliyev neft strategiyasının icrası nəticəsində yaradılıbdır. İndi bizim Neft Fondunda 20 milyard dollardan artıq vəsait vardır. Bizim ümumi valyuta ehtiyatlarımız 26 milyarddan çoxdur. Vaxt var idi heç 500 milyon da yox idi. Biz 1990-cı illərin ortalarında fikirləşirdik ki, bu valyuta ehtiyatlarını necə yaradaq. Onun yeganə mənbəyi Dövlət Neft Şirkətinin fəaliyyətidir. O illərdə imzalanmış kontraktlar bu gün Azərbaycana xidmət göstərir. Həyat göstərib ki, o kontraktlar milli maraqlarımıza tam şəkildə cavab verir. İndi mən müqayisə aparmaq istəmirəm, amma başqa ölkələrdə də hasilatın pay bölgüsü kontraktları imzalanmışdır. Biz bütün o şərtləri bilirik və görürük ki, ölkəmiz üçün, yəni dövlət üçün ən məqbul şərtlər məhz Azərbaycanda təmin olunmuşdur.
Biz bu gün yeni proqramlar üzərində işləyirik. Biz əldə edilmiş uğurlarla kifayətlənmirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi tarixi nailiyyət idi. Ancaq onun üstündən artıq 3-4 il keçib. Biz yeni kəmərlər haqqında fikirləşirik, onun üzərində işləyirik. Əminəm ki, nəzərdə tutulmuş bütün vəzifələr icra olunacaqdır.
Mən Dövlət Neft Şirkətinin gələcəyini çox parlaq görürəm. Bir neçə il bundan əvvəl məsələ qoyuldu ki, Dövlət Neft Şirkəti beynəlxalq səviyyəli güclü şirkətə çevrilməlidir. Bu gün biz bunu görürük və təsadüfi deyil ki, məhz bu il bu gözəl binanın təməli qoyulur. Çünki artıq SOCAR-ın həm imkanları, həm nüfuzu vardır, həm də ki, bu gözəl, möhtəşəm bina inkişafın, Azərbaycanda görülən işlərin rəmzidir. Çox ədalətlidir ki, birinci belə gözəl bina, bu göydələn Dövlət Neft Şirkətinin inzibati binasıdır. Bakıda indi özəl investisiyalar hesabına çoxmərtəbəli hündür binalar, mehmanxanalar, iş mərkəzləri tikilir. Bu prosesə təkan verən məhz neft amili olmuşdur. Əgər o vaxt o addımlar atılmasaydı, bu gün biz görülən işlərin böyük əksəriyyətini görə bilməzdik.
Əlbəttə, mən istəyirəm ki, bu bina tezliklə tikilsin. Bu layihə üzərində uzun illərdir ki, iş aparılmışdır. Mən burada bu binanın layihələndirilməsində iştirak etmiş xarici mütəxəssisləri də görürəm. İndi burada ən yüksək texnoloji standartlar tətbiq olunmalıdır. Bu yeni bina yüksək keyfiyyətlə, eyni zamanda, qısa müddət ərzində tikilməlidir və gözəl şəhərimizə əlavə yaraşıq verəcəkdir. Bu, müasir Azərbaycanın rəmzinə çevrilməlidir. Bu, memarlıq sənətində xüsusi yerə malik olan bir bina olacaqdır" Prezident çıxışında bildirib.

Dövlət başçısı ümid edib ki, yaxın zamanlarda çox gözəl, möhtəşəm bina tikiləcək.

"Bu, həm Dövlət Neft Şirkətinin bütün ehtiyaclarını təmin edəcək, həm də ki, şəhərimizə əlavə yaraşıq verəcəkdir. İlk dəfədir ki, Bakı şəhərində bu hündürlükdə bina tikilir. Hündürlüyü 200 metr, 40 mərtəbəli gözəl, möhtəşəm bir memarlıq əsəri olacaqdır. Yəni, müasir şəhər üçün yaraşıq verən bir binadır və çox nadir memarlığa malikdir.
Neft Şirkətinin artan imkanları, yeni səviyyəsi və fəaliyyət istiqamətləri, əlbəttə ki, bu binanın gözəlliyində də özünü büruzə verir. Çünki Azərbaycanda bütün binalar həm keyfiyyətli olmalıdır, həm də yüksək zövqlə yaradılmalıdır. Bakının bu gözəl yerində, şəhərə girişdə, Heydər Əliyev prospektində Neft Şirkətinin yeni inzibati binasının tikilməsində də böyük məna vardır. Çünki Azərbaycanın müasir neft strategiyasının təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Bu prospekt də onun adını daşıyır. O gündən bu günə qədər 16 il keçir. On altı il ərzində Azərbaycan bu istiqamətdə bütün məqsədlərə çatıbdır. Bütün vəzifələr yerinə yetirilib. Azərbaycan bu gün, ilk növbədə, neft amilinə görə güclü dövlətə çevrilib. Neft bizim milli sərvətimizdir. Neftdən əldə olunan gəlirlər Azərbaycanda ədalətli şəkildə bölünür və bütün sahələrdə, neft sahəsində görülmüş işlər də özünü göstərir" Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir.

"İlk növbədə ona görə ki, vaxtilə Azərbaycana böyük investisiyalar gətirilmişdir, investisiyalardan səmərəli şəkildə istifadə olunmuşdur. Əldə edilmiş gəlirlər də Azərbaycanın iqtisadi inkişafının təmin olunmasına səmərəli şəkildə xidmət göstərmişdir.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan şirkətdir, beynəlxalq səviyyəli şirkətdir. Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın. Biz buna nail ola bilmişik. Əlbəttə ki, burada Azərbaycanın təbii ehtiyatları həlledici rol oynamışdır. Ancaq bu gün artıq digər amillər də rol oynayır. Biz xaricə investisiyalar qoyuruq. Qonşu ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır, həm də xaricdən investisiyalar cəlb edirik. Bu yaxınlarda bp şirkəti ilə "Asiman" və "Şəfəq" yataqları üzrə yeni kontrakt imzalanmışdır. Bu, bir daha onu göstərir ki, 16 il keçməsinə baxmayaraq, Azərbaycanda işləmək istəyən şirkətlərin sayı indi də kifayət qədər çoxdur. Azərbaycan bu gün də xarici sərmayədarlar üçün cəlbedici ölkədir.
Digər tərəfdən, Azərbaycan Dövlət Neft Şirkəti öz investisiyalarını xarici ölkələrin sənayesinə qoyur. "PETKİM" kimi nəhəng müəssisə artıq Dövlət Neft Şirkətinin mülkiyyətidir. Bu müəssisəyə və Kulevi terminalına qoyulan sərmayələr, əlbəttə ki, öz səmərəsini verir. Başqa ölkələrdə yanacaqdoldurma stansiyalarının tikintisini, qaz təsərrüfatında idarəçilik prinsiplərini Azərbaycan Neft Şirkəti icra edir. Yəni, bütün bunlar imkanlarımızı genişləndirir. Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq şirkətə çevrilməsi məhz bu yoldan keçir.
O ki qaldı, Azərbaycanda görülən işlərə, burada hər şey yüksək səviyyədədir. Bu yaxınlarda "Azəriqaz" və "Azərikimya" şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinin tabeçiliyinə verilməsi nəticəsində işlərin daha da səmərəli aparılması üçün lazımi addımlar atılmışdır. Bu gün Azərbaycanda qazlaşdırma prosesi uğurla gedir. Qarşıya məqsəd qoyulmuşdur ki, qazlaşdırma ölkəmizin 90 faizini əhatə etsin. Bizdən qat-qat çox qaz hasil edən ölkələrdə bu faizin aşağı olduğunu nəzərə alsaq, çox böyük göstəricidir. Biz qazlaşdırmanı 90 faizə çatdırsaq, demək olar ki, bütün bölgələr və bütün əsas yaşayış məntəqələri qazla təmin olunacaqdır. İndi həm yeni xətlər çəkilir, həm də köhnə xətlər yeniləri ilə əvəzlənir və itkilər azalır. Bu da çox müsbət göstəricidir. Potensialımız daha da sürətlə artır.
Bu gün kimya sənayesində yeni təşəbbüslərin irəli sürülməsi nəticəsində qarşımızda yeni imkanlar açılır. Biz çox istəyirik ki, yaxın zamanlarda Azərbaycanda yeni, müasir neft-kimya kompleksi tikilsin. Bu, çox böyük vəsait tələb edən layihədir. Dövlət Neft Şirkətində bu layihə üzərində işləyirlər və yaxın zamanlarda yəqin ki, təqdimat olacaqdır. Beləliklə, biz Azərbaycanın enerji potensialından daha da səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda, yeni iş yerlərinin açılmasına da nail olacağıq.
Bu gün qaz anbarlarımızda 2 milyard 500 milyon kubmetr qaz yığılıbdır. Bu da tarixi nailiyyətdir. Bu günə qədər heç vaxt belə olmamışdır. Ən yaxşı illərdə 700-800 milyon kubmetr qaz yığılırdı. Fikirləşirdik ki, qış bir az gec başlasın ki, bu qaz bizə çatsın. Məsələyə o nöqteyi-nəzərdən yanaşırdıq. Yadımdadır, mən hələ Neft Şirkətində işləyəndə fikirləşirdik ki, qış sərt keçməsin, mülayim keçsin ki, bu qazdan daha da az sərf edək. Ancaq bu gün 2 milyard yarım kubmetr qazımız vardır.
Eyni zamanda, ixrac imkanlarımız, onun coğrafiyası genişlənir. Azərbaycan öz qazını qonşu ölkələrə ixrac edir. Qəti əminəm və bu, dəqiqdir ki, gələn ildən ixracın həcmi artacaqdır. Həm mövcud olan yollarla, həm də ki, biz gələn ildən yeni bazarlara çıxacağıq. Nəzərə alsaq ki, Avropada və başqa bölgələrdə təbii qazımıza böyük ehtiyac var, biz bütün bu imkanlardan istifadə etməliyik, Azərbaycanın milli maraqlarını maksimum dərəcədə təmin etməliyik. Beləliklə, biz iqtisadi imkanlarımızı artıracağıq. Çünki Azərbaycan bu günə qədər neft ölkəsi kimi tanınmışdır. Bundan sonra bəlkə daha çox qaz ölkəsi kimi də özünü göstərəcəkdir və artıq göstərir.
İmzalanmış kontraktlar və anlaşma memorandumları imkanlarımızı göstərir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır, - həm şirkətlərin, həm də ölkələrin - biz də buna çox müsbət yanaşırıq. Çünki bu, maraqlarımıza uyğundur. Enerji siyasətimiz çox açıqdır, aydındır, birmənalıdır və səmimidir. Bunun bir məqsədi var ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunsun və Azərbaycan həm siyasi, həm iqtisadi amildən istifadə edərək daha da güclü ölkəyə çevrilsin.
Bir məsələni də vurğulamaq istəyirəm ki, biz enerji münasibətlərimizdə əməkdaşlığı maksimum dərəcədə dərinləşdirməyə çalışırıq. Biz enerji resurslarımızdan dostluq münasibətlərimizin möhkəmləndirilməsində istifadə etmək istəyirik. Bizim əsas məqsədimiz budur. Biz enerji amilindən heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik. Təbii resurslarımıza ehtiyacı olan ölkələr bunu yaxşı bilirlər və mənim sözlərimi təsdiqləyə bilərlər" Prezident çıxışında söyləyib.

Dövlət başçısının sözlərinə görə, nəzərə alsaq ki, Heydər Əliyev prospektində gözəl və möhtəşəm Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası tikilir, digər inzibati binaların layihələndirmə prosesi gedir, şəhərə giriş çox möhtəşəm, çox müasir olacaq.

"Artıq şəhərə daxil olandan sonra hər bir insan gözəl, qədim memarlıq nümunəsini görür. Bax, budur yeniliklə qədim üsulun sintezi. Neft Şirkətinin indiki binası da çox gözəldir. Gözəl memarlığa malik olan tarixi binadır, şəhərin mərkəzində yerləşir və şəhərin arxitekturasının incisidir. Bu bina isə yeni Azərbaycanın məhsuludur.
Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, yaxın zamanlarda biz yenə burada, amma daha açıq havada yox, tikiləcək binanın içində görüşəcəyik. Yeni inzibati binanın istismara verilməsini də bərabər qeyd edəcəyik. Bir daha sizi təbrik edirəm" deyə, Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev sonda Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlinin qoyulması münasibətilə bir daha təbriklərini çatdırdı.

Dövlətimizin başçısı mərasimdə iştirak edən şirkətlərin nümayəndələri ilə də görüşdü, onlara işlərində uğurlar arzuladı.

Binanın texniki göstəriciləri barədə dövlətimizin başçısı İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcəkdir. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcəkdir. Paytaxtda modern üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək binada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək, yeraltı və yerüstü avtomobil dayanacaqları olacaqdır. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaqdır. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilmişdir. Külək tunel testinə uyğun olaraq, binanın yellənmə amplitudasını məhdudlaşdırmaq üçün damper sistemi ilə təchiz olunması qərara alınmışdır.
Bildirildi ki, tikinti işləri beynəlxalq standartlara uyğun aparılacaqdır. Azərbaycanda ilk dəfə olaraq bu binada fasadın təmizlənməsi və servisi avtomatik sistem vasitəsilə həyata keçiriləcəkdir. Bina, həmçinin "bir şaxtada iki lift" prinsipinə əsaslanan əkiz kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaqdır.

Dövlət Neft Şirkətinin yeni inzibati binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanmışdır. Elan olunan müsabiqədə bir sıra nüfuzlu şirkətlərin təkliflərinə baxılmışdır. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın memarlığına, habelə Azərbaycan Dövlət Neft Şirkətinin irəli sürdüyü texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası daha cəlbedici hesab edilmiş və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılmışdır. 2010-cu ilin martında Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmişdir. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin "TEKFEN İnşaat" şirkəti qalib gəlmişdir.

Dövlətimizin başçısı gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunun düyməsini basdı.

Xəbər lenti

Xəbər lenti