...

Şimali Qafqaz respublikalarının vətəndaşları üçün gürcü vizalarının ləğvi hər iki ölkədə sabitliyi pozur – ekspertlər

Siyasət Materials 14 Oktyabr 2010 13:07 (UTC +04:00)
Şimali Qafqaz respublikalarının vətəndaşları üçün gürcü vizalarının ləğvi həm Rusiya, həm də Gürcüstanın özündə sabitliyi pozur - ekspertlər bu qənaətdədirlər.
Şimali Qafqaz respublikalarının vətəndaşları üçün gürcü vizalarının ləğvi hər iki ölkədə sabitliyi pozur – ekspertlər

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Şimali Qafqaz respublikalarının vətəndaşları üçün gürcü vizalarının ləğvi həm Rusiya, həm də Gürcüstanın özündə sabitliyi pozur, - ekspertlər bu qənaətdədirlər.

"Bu, Gürcüstanın atdığı ilk addım deyil, bu, Rusiyada vəziyyətin gərginləşdirilməsinə doğru məqsədyönlü siyasətdir, çünki Şimali Qafqazın RF tərkibində qalması bu ölkədə sabitliyin rəhnidir", - Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspertlər Şurasının üzvü İsmayıl Atakişiyev bu qənaətdədir.

"Ölkəyə gəlişin sadələşdirilməsindən sonra, Rusiya ərazisindən Gürcüstanda sabitliyi pozmaq istəyən adamların buraxılışı üzərində nəzarət çətinləşəcək", - Qafqaz üzrə gürcü ekspert Mamuka Areşidze bildirib.

Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgey sakinləri üçün vizasız rejim Gürcüstanda çərşənbə günündən, yəni oktyabrın 13-dən qüvvəyə minib.

"Bu qərar, əsasən, viza rejiminin liberallaşdırılması və Şimali Qafqaz xalqları ilə ənənəvi əlaqələrin davam etdirilməsindən irəli gəlir", - Gürcüstan XİN-in məlumatında belə deyilir.

"Gürcüstan hakimiyyətinin RF-in Şimali Qafqaz respublikaları üçün birtərəfli qaydada vizasız rejimin tətbiqi barədə qərarı Tbilisinin növbəti təbliğat addımıdır", - çərçənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Bu barədə "RİA-Novosti" yazır.

Onun sözlərinə görə, RF XİN heç bir rəsmi qərar görməyib, lakin informasiya agentliklərinin bu barədə məlumatları ilə tanış olub.

Gürcüstan Parlamentinin eks-spikeri Nino Burcanadze Gürcüstan hakimiyyətinin RF-in Şimali Qafqaz respublikaları üçün vizasız rejimin tətbiqi barədə qərarını tənqid edir.

Onun partiyasının yaydığı bəyanatda deyildiyi kimi, "Gürcüstan Prezidentinin viza rejiminin birtərəfli qaydada ləğvi barədə qərarı Rusiya tərəfi ilə razılaşdırılmadan işləməyəcək və heç bir humanitar missiya daşıya bilməyəcək".

Bununla yanaşı, Burcanadze Gürcüstan hakimiyyətinin bu qərarını "təxribat" adlandırıb.

Ekspertlərin fikrincə, Gürcüstan hakimiyyətinin Şimali Qafqaz respublikalarının vətəndaşları üçün gürcü vizalarının ləğvi barədə qərarı həm Rusiya, həm də Gürcüstanın özündə sabitliyin pozulmasına gətirib çıxaracaq.

Atakişiyev hesab edir ki, Tbilisi belə hərəkətlərlə məqsədyönlü şəkildə Şimali Qafqazda sabitliyin pozulmasına çalışır və ola bilsin, yaxın vaxtlarda bundan öz məqsədləri üçün istifadə etmək istəyən adamlar tapılsın.

"Gürcüstan Rusiya üçün sabitliyin pozulması amili rolunu oynayıb və bundan sonra da oynayacaq", - ekspert çərşənbə günü, oktybarın 13-də Trend agentliyinin jurnalistləri ilə görüşündə bildirib.

Gürcü ekspert İrakli Sesiaşvilinin fikrincə, dost olmayan ölkələrlə sərhədlərin açılması Gürcüstan üçün təxribat və təhdidlərlə nəticələnə bilər.

"Bu həm casusların göndərilməsi, həm sərhədyanı regionlarda gərginliyin yaradılması və həm də digər mənfi hərəkətlərdir", - Sesiaşvili Trend-ə bildirib.

O, Gürcüstan hökumətini sərhədləri açarkən əsaslandığı motivləri "əlacsızlıq" adlandırıb.

"Gürcüstan hakimiyyəti "düşmənimin düşməni mənim dostumdur" prinsipi üzrə hərəkət edir və əlbəttə ki, bu qərarda Moskvanın izlədiyi şəxslərin Gürcüstanda gizlədilməsi kimi müəyyən məqamlar var. Lakin bunun Gürcüstan üçün pis nəticələri ola bilər və onun özünə qarşı çevrilə bilər", - Sesiaşvili hesab edir.

Ekspertin fikrincə, bu qərar Rusiyaya Tbilisi ilə danışıqları bundan sonra pozmaq imkanı verəcək. "Beynəlxalq birlik Rusiya ilə Gürcüstan arasında dialoq qurmağa çalışır. Lakin Moskva bəyan edə bilər ki, Gürcüstan onun düşmənlərini gizlətməyə çalışır və o, yenidən bütün səyləri poza bilər", - o bildirib.

Areşidzenin sözlərinə görə, Şimali Osetiyada yaradılan "Daryal" təşkilatı Gürcüstan üçün ciddi təhlükədir.

"Bu təşkilatın məqsədi Gürcüstanda sabitliyi pozmaqdır. Onun nümayəndələrinə buraya gəlmək üçün icazə verilməsi ciddi problemlərlə bağlıdır. Lakin biz onlara görə Gürcüstandan gedən osetinlərə buraya gələrək, öz valideynlərinin qəbirlərini ziyarət etmələrini və ya qayıtmaqlarını rədd edə bilmərik", - ekspert bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, viza rejiminin ləğv edilməsinin müsbət məqamları da var; ona görə də risk özünü tamamilə doğruldur.

MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspertlər Şurasının üzvü Aleksey Vlasovun fikrincə, vizaların ləğvi ilə bağlı vəziyyət, əgər bu mümkündürsə, Moskva ilə Tbilisi arasında münasibətlərin pisləşməsinə gətirib çıxaracaq.

"Mahiyyət etibarilə yoluna qoyulması mümkün olan bütün kommunikasiyalar pozulur. Çünki əgər Rusiyaya münasibətdə belə hərəkət həyata keçirilirsə, deməli, onda cavab adekvat olmalıdır. Baxmayaraq ki, artıq cavab verməyə heç nə qalmır. Çünki hər şey sıfıra qədər dondurulub",  - "Vestnik Kafkaza" İnformasiya-Analitik Agentliyinin baş redaktoru Vlasov Trend-in jurnalistləri ilə görüşündə bildirib.

Onun fikrincə, bütün bunların həyata keçirildiyi mənfi əsas nəzərə alınarsa, belə hərəkətlər sadə adamların həyatını yüngülləşdirmir.

Areşidzenin fikrincə, Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejimin tətbiqi Tbilisi tərəfindən atılan humanitar-siyasi addımdır və bu, təbii ki, Rusiyanı qızışdıracaq.

Lakin onun sözlərinə görə, bu tədbirlər kifayət deyil, onlar çox şeyi dəyişməyəcək.

Ekspertin fikrincə, Gürcüstan hakimiyyəti daha da irəli gedərək, Rusiyanın müxtəlif regionlarında yaşayan gürcümənşəli RF vətəndaşları üçün də vizasız rejim tətbiq etməlidir.

"Şimali Osetiya ilə gediş-gəlişin sadələşdirilməsinin münaqişəli regionlardakı əhali ilə münasibətlər nöqteyi-nəzərindən bizə nə verəcəyinə gəldikdə, deyim ki, biz Şimali Qafqaz xalqları ilə müvafiq işlər həyata keçirmədiyimiz vaxtlarda çox şeylər itirdik", - Areşidze Trend-ə bildirib.

Materialın hazırlanmasında N.Kirsxaliya (Tbilisi) iştirak edib.

Xəbər lenti

Xəbər lenti