...

Azərbaycan politoloqları Bakı sammiti zamanı Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsini real hesab etmirlər

Siyasət Materials 14 Oktyabr 2010 15:01 (UTC +04:00)
Azərbaycan politoloqları Bakı sammiti zamanı Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsini real hesab etmirlər.
Azərbaycan politoloqları Bakı sammiti zamanı Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsini real hesab etmirlər

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan politoloqları Bakı sammiti zamanı Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsini real hesab etmirlər.

"Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi müxtəlif geosiyasi məsələlərlə bağlıdır və buna görə də onun yaxın vaxtlarda həlli real görünmür", - cümə axşamı "Politoloqlar klubu"nun iclasında Fikrət Sadıqov deyib.

Noyabrın 18-də Azərbaycan paytaxtında Xəzəryanı dövlət rəhbərlərinin sammiti keçiriləcək. Sammitdən əvvəl Tehranda xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq.

Sadıqovun sözlərinə görə, Xəzəryanı ölkələrdən hər birinin öz marağı və problemləri var. Bu, məsələnin həlli yolunda maneədir.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, hazırda Xəzəryanı ölkələr ekologiya, təhlükəsizliyin təmini kimi məsələlərdən başqa, digər məsələlərdə razılığa gələ bilməzlər.

"İran və Rusiya Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində razılığa gəlməyincə, bu sahədə konkret sənədlərin imzalanması gözlənilmir", - politoloq Elxan Şahinoğlu hesab edir.

O qeyd edib ki, Xəzərin statusunun müəyyənləşməsi bəzi layihələrə, o cümlədən, "Nabukko"ya "yaşıl işıq" verəcək ki, bu da İranı qane etmir.

2007-ci ildə Tehranda Xəzəryanı ölkə başçılarının ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üçün gələcək işin konkret istiqamətləri müəyyən olunub.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti