...

Azərbaycan MSK hər bir namizəd üçün ödənişsiz efir vaxtının ayrılması haqqında qərar qəbul edib

Siyasət Materials 15 Oktyabr 2010 20:13 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə, ödənişsiz əsaslarla efir vaxtının və dövri nəşrdə dərc üçün yerin ayrılması haqqında qərar qəbul edib.
Azərbaycan MSK hər bir namizəd üçün ödənişsiz efir vaxtının ayrılması haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə, ödənişsiz əsaslarla efir vaxtının və dövri nəşrdə dərc üçün yerin ayrılması haqqında qərar qəbul edib. Bu barədə cümə günü MSK-nın məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin hamısı üçün televiziya kanalında və qəzetlərdə ödənişsiz efir vaxtı və dərc üçün yer ayırmağı məqsədəmüvafiq sayır.

Mövcud seçki dairələri üzrə qeydə alınmış namizədlərin iştirakını təmin etmək məqsədilə, seçkiqabağı təşviqat müddəti əsas götürülməklə, Naxçıvan Muxtar Respublikası ərazisindəki seçki dairələrinin namizədləri üçün NaxTV ilə, digər 118 seçki dairəsinin namizədləri üçün isə İctimai Televiziya ilə, dairələr üzrə namizədlər arasında birgə "dəyirmi masa" təşkil etmək məqsədilə hər bir qeydə alınmış namizəd üçün 4 dəqiqə ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutulur.

Mətbu orqanların səhifələrində öz seçkiqabağı təşviqat materiallarını yerləşdirmək üçün Naxçıvan Muxtar Respublikası ərazisindəki seçki dairələrinin namizədləri üçün "Şərq Qapısı" qəzetinin səhifələrində, digər seçki dairələrinin namizədləri üçün "Azərbaycan" qəzetinin səhifələrində bir qayda olaraq efir vaxtından istifadə etdikləri gün bərabər həcmdə ödənişsiz dərc üçün yerin ayrılması məqsədəmüvafiqdir. Dərc üçün ayrılmış yeri həcmi "Azərbaycan" qəzeti üçün 2 səhifə, "Şərq qapısı" qəzeti üçün isə həmin həcmin 7 namizədə nisbətində müəyyən edilməlidir.

Göstərilənlərlə yanaşı, ödənişsiz efir vaxtının və dərc üçün yerin müəyyən olunmuş qaydalara uyğun ayrılmasına və istıfadəsinə nəzarəti həyata keçirmək məqsədilə nəzarət qrupu yaradılıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti