...

Azərbaycanın müxalif partiyaları kütləvi aksiyaları davam etdirmək niyyətindədir

Siyasət Materials 18 Oktyabr 2010 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları kütləvi aksiyalar keçirməyi davam etdirəcək. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Trend-ə verdiyi məlumata görə, bu barədə qərar Müsavat Divanının bazar ertəsi keçirilən iclasında qəbul olunub.

"Biz kütləvi aksiyalar keçirmək əzmindəyik. Bu istiqamətdə müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik, lakin konkret vaxt hələ müəyyənləşməyib. Müttəfiqlərlə məsləhətləşmələrdən sonra vaxt müəyyənləşəcək. Həftə sonuna qədər konkret qərar qəbul olunacaq. Mitinqlərin icazə olmadan belə keçirilməsi məsələsi də müttəfiqlərin qərarından asılı olacaq", - Hacılı əlavə edib.

Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları noyabrın 7-də keçiriləcək parlament seçkilərində birgə iştirak üçün "AXCP-Müsavat" seçki blokunu yaradıblar. Blok oktyabrın 17-də mitinq keçirmək istəsə də, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqə icazə verilməyib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti