...

Azərbaycan Avropanın enerji tələbatını təmin etmək üçün ixracatçı ölkə kimi strateji rol oynaya bilər – səfir (MÜSAHİBƏ)

Siyasət Materials 19 Oktyabr 2010 12:53 (UTC +04:00)
Azərbaycan Avropanın enerji tələbatını təmin etmək üçün ixracatçı ölkə kimi strateji rol oynaya bilər
Azərbaycan Avropanın enerji tələbatını təmin etmək üçün ixracatçı ölkə kimi strateji rol oynaya bilər – səfir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir S.Ağayeva/

Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiçin 26 oktyabr - Avstriyanın Milli Bayramı ərəfəsində Trend-ə müsahibəsi

-  Avstriya Bakıda Səfirliyini açandan sonra, Siz təyin olunan ilk səfirsiniz. Avstriyanın Azərbaycandakı səfiri kimi, prioritetləriniz nədən ibarətdir?

- Avstriya 23 iyun 2010-cu il tarixində Bakıda Diplomatik Nümayəndəliyini açmışdır. İndi isə, ilk növbədə, səfirliyin infrastrukturunu yaratmaq və əlaqələrin qurulması önəmlidir. Bu əsasda səfirlik ikitərəfli münasibətlərin intensivləşdirilməsi üçün səy göstərəcək. Bu zaman səfirlik Azərbaycanın Vyanadakı Səfirliyi ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan və Avstriya arasında qarşılıqlı səfərlər təşkil edilməlidir. Avstriyanın xarici işlər və iqtisadiyyat nazirlərinin səfirliyin açılması münasibətilə Bakıya səfərlərindən sonra, sentyabrın əvvəlində Avstriya maliyyə nazirinin müavininin Bakıya səfəri baş tutdu və oktyabrda Bakıda ikitərəfli iqtisadi komissiyanın iclası keçiriləcək. Azərbaycanın xarici işlər naziri isə öz növbəsində, avqustda Salzburqa səfər edərək,  orada beynəlxalq forumda iştirak etdi. Noyabrda isə Azərbaycan nümayəndə heyətinin Vyanaya gəlişi gözlənilir. Bu səfərdə fövqəladə hallar zamanı yardım göstərilməsi üzrə saziş üzrə danışıqlar aparılacaq. Növbəti il üçün Avstriyanın Federal Prezidenti cənab Dr. Haynz Fişerin Azərbaycana səfəri üçün hazırlıq işləri gedir.

- Avstriya və Azərbaycanın əməkdaşlığının və tərəfdaşlığının əsas elementləri nədən ibarətdir?

- Səfirlik üçün mühüm fəaliyyət sahələrindən biri ikitərəfli iqtisadi münasibətlərin dəstəklənməsidir. 2009-cu ildə Azərbaycanın Avstriyaya ixracı 37,3 mln avro, Avstriyadan idxalı isə 42 mln avro təşkil edib. Son 10 ildə ikitərəfli xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Avstriya Azərbaycana, ilk növbədə, maşınqayırma məhsulları, dərman preparatları, odun və mal-qara ixrac edir; Azərbaycandan isə əsasən, neft məmulatları və avadanlıq alır. Ən mühüm iqtisadi layihə - hazırda özünün vacib  danışıqlar mərhələsini yaşayan "Nabukko" qaz kəmərinin reallaşdırılmasıdır. Avstriya şirkətləri Azərbaycanda bir sıra digər layihələrdə və əsasən də infrastruktur sahəsində çalışır.

İqtisadiyyatla yanaşı, səfirlik özünün xüsusi diqqətini mədəniyyət, təhsil, texnologiya transferi sahəsinə yetirir. Misal üçün, illərdən bəri Azərbaycan Turizm İnstitutu ilə Krems Texniki Ali Məktəbi arasında kadrların hazırlanması sahəsində sıx əməkdaşlıq var. Azərbaycan Dillər Universitetində Avstriya kitabxanası yaradılıb. Azərbaycan və Avstriya arasında hər iki ölkənin mədəniyyət nazirlikləri arasında 2009-cu ildə anlaşma memorandumu imzalanıb. Bu memorandum, ilk növbədə, muzey, qalereya və kitabxanalar arasında möhkəm əməkdaşlığı, habelə sənətkarların mübadilə proqramını nəzərdə tutur.

- Avstriyanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın 20% torpaqlarının işğalı faktı ilə bağlı mövqeyi necədir?

- Avstriya Dağlıq-Qarabağ münaqişəsinin dinc yolla həllinə töhfə verə biləcək bütün səyləri dəstəkləyir və ATƏT-in səylərinə etibar edir.

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu necə qiymətləndirirsiniz?

- Hazırda Avropa İttifaqı məkanı, ilk növbədə, Rusiyadan, habelə Norveç və Əlcəzairdən təbii qaz alır. "Nabukko" və ya İTGİ kimi yeni nəql yolları vasitəsilə əlavə olaraq, Azərbaycan və ona qonşu ölkələrdən təbii qaz birbaşa Avropa bazarına nəql edilə bilər. Avropada daim yüksələn qaz tələbatını nəzərə alıb, uzunmüddətli zaman kəsiyində Azərbaycan Avropanın enerji tələbatını təmin etmək üçün həm ixracatçı, həm də tranzit ölkə kimi strateji və vacib rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti