Türkmənistan, Aşqabad, 26 oktyabr /Trend, müxbir H.Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə Məclis (parlament) ölkədə demokratik dəyərlərin və hüquqi cəmiyyətin inkişafı ilə məşğul olacaq.
"Məclisə ölkənin ali qanunverici orqanı kimi demokratiyanın, hüquqi cəmiyyətin inkişafı işində mühüm rol verilir", - Prezident hökumətin sonuncu iclasında bildirib.
"Parlamentə türkmən dövlətinin beynəlxalq arenada konstruktiv təşəbbüslərinin irəli sürülməsində də səlahiyyət verilir", - Berdiməhəmmədov bildirib.
2007-ci ildə hakimiyyətə gələn ölkənin yeni rəhbərliyi əhaliyə vətəndaş cəmiyyətinin və iqtisadiyyatın liberallaşdırılacağını vəd edib. Konstitusiyaya bazar iqtisadiyyatına tədricən keçid haqqında maddə daxil edilib, "dövlət insan üçün" sözü isə hökumətin əsas şüarı olub.
Öz növbəsində, parlamentin spikeri Akca Nurberdıyeva iclasda qeyd edib ki, milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər fəallaşdırılıb.
Bu iclasdan bir qədər əvvəl BMT-nin ölkədəki daimi əlaqələndiricisi Lenni Montielin müraciətində deyilib ki, BMT Türkmənistan hökumətinin insan haqları üzrə əsas beynəlxalq konvensiyalara uyğun öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş fəaliyyətini dəstəkləyir.
"Bununla əlaqədar biz Avropa İttifaqı ilə tərəfdaşlıq layihəsini irəli sürmüşük. Layihədə ölkədə insan haqlarının müdafiəsi və ona yardım üzrə Türkmənistanın milli potensialının möhkəmləndirilməsi qeyd olunub", - müraciətdə deyilib.