Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Y.Ostapenko/
Respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatasında yerlərin çoxunu alması ölkənin Cənubi Qafqaz regionundakı xarici siyasətində əsaslı irəliləyişlərə gətirib çıxarmayacaq. Böyük Britaniyanın qeyri-hökumət təşkilatı LINKS-in rəhbəri Dennis Sammut belə hesab edir.
"ABŞ siyasətinin sistemi ikipartiyalıdır. Bu siyasətin həyata keçirilməsinin ayrı-ayrı detallarında bəzi dəyişikliklər ola bilər", - Sammut Trend-ə bildirib.
Çərşənbə axşamı ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Seçkilərdə vətəndaşlar Nümayəndələr Palatasının tam tərkibini, Senatın üçdə birini və 37 ştatın qubernatorunu seçiblər. Respublikaçılar partiyası Nümayəndələr Palatası üzərində nəzarət qazanıb. İndi onun palatadakı yeri demokratlara nisbətdə 60 yer çoxdur. Demokratik partiya - Obamanın partiyası Senat üzərində nəzarəti saxlayıb.
Sammutun fikrincə, Cənubi Qafqaz regionunda "yanlışlıq" müşahidə edilir, bunu demokratlar erməniyönümlü, respublikaçılar isə Azərbaycanyönümlü adlandırırlar.
"Konqresdə həm onların, həm də bunların tərəfdarları var, lakin bunlar ümumilikdə partiyalar yox, ayrı-ayrı şəxslərdir. Demokratlar və respublikaçılara gəldikdə, onların hər ikisi ilk növbədə Amerikayönümlüdürlər", - Sammut qeyd edib.
Ağ Evdə demokrat Barak Obamanın hakimiyyətə gəlişi ilə ABŞ xaici siyasətə deyil, daha çox daxili problemlərə diqqət yetirməyə başlayıb. Vaşinqton üçün ilk növbədə regiondan enerji marşrutlarının keçməsinə görə böyük maraq kəsb edən Cənubi Qafqaz ABŞ administrasiyasının nəzarətindən kənar qalıb.
Bakıda il yarıma yaxındır ki, Birləşmiş Ştatlar səfirinin yeri vakantdır. Diplomatik nümayəndəliyin əvvəlki rəhbəri Enn Dörsinin səlahiyyət müddəti keçən ilin iyulunda başa çatıb və o vaxtdan yeni səfirin təyin edilməsi yubadılır.
Bu vəzifəyə Prezident Obamanın təklif etdiyi namizəd ATƏT-in Minsk qrupundakı ABŞ-dan olan keçmiş həmsədr Metyu Brayzadır. Senatda Brayzanın namizədliyi ilə bağlı səsverməyə erməni maraqlarını təmsil edən iki senator - Barbara Bokser və Robert Mendes mane olublar.
Sammutun fikrincə, Konqresdə hazırkı qüvvələr bölgüsü Brayzanın Azərbaycana səfir təyin edilməsi prosesini tezləşdirə bilər.
Onun sözlərinə görə, ümumilikdə ABŞ-ın Cənubi Qafqaz regionunda maraqları hazırda Azərbaycanla bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində, eləcə də ölkədə siyasi və iqtisadi islahatların həyata keçirilməsində olan tərəfdaşlıq münasibətlərində öz əksini yaxşı tapıb.
"Əminəm ki, biz Obama administrasiyasının və ABŞ Konqresinin yeni tərkibinin bundan sonra da bu istiqamətdə işləyəcəyinin şahidi olacağıq", - Sammut qeyd edib.