Gürcüstan,Tbilisi, 8 noyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ABŞ-dakı siyasi dəyişikliklərə xüsusi əhəmiyyət verməməyi məsləhət görür.
"Mən ABŞ-dakı seçkilərin nə üçün Gürcüstanda xüsusi diqqətə səbəb olduğunu başa düşə bilmirəm, axı ölkəmizdə hər şey xalqın dəstəyi ilə həll olunur", - bu gün o, Gürcüstanın "Asaval-Dasavali" qəzetinə verdiyi müsahibəsində bildirib.
Noyabrın 2-də ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə görə, Respublikaçılar Partiyası Konqresin aşağı palatasında (Nümayəndələr palatası) səs çoxluğu qazanıb. Sonuncu hesablamalara görə, respublikaçılar parlamentin aşağı palatasında 239, demokratlar 183 yer tutublar. Senatda demokratlar səs çoxluğunu saxlaya biliblər, lakin bundan əvvəl Obamanın seçildiyi İllinoys da daxil olmaqla altı ştatda məğlub olublar.
Şevardnadze hakim qüvvələrə ABŞ-ın siyasi quruculuğunda baş verən dəyişikliklərə az əhəmiyyət verməyi məsləhət görüb. "Seçkilərdə kimin qalib gəldiyi (respublikaçılar və demokratlar) bizim üçün xüsusi əhəmiyyət kəsb etmir, Gürcüstanda ölkənin idarə edilməsi üçün yalnız xalqın dəstəyi lazımdır", - o, qeyd edib.
"Hökumət yalnız öz xalqına arxalanmalı və köməyi kənarda axtarmamalıdır", - eks-prezident deyib.