Qazaxıstan, Astana, 11 noyabr /Trend, müxbir A.Maratov/
Qazaxıstan ATƏT-ə sədrliyə başlayarkən əfqan məsələsini nəinki diqqətdən kənarda qoydu, onu öz sədrliyi dövrünün prioriteti elan etdi. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan XİN rəhbəri Kanat Saudabayev Astanada ATƏT sammiti ərəfəsində jurnalistlərə bildirib.
"ATƏT-in qarşıdakı Astana sammitində o [əfqan məsələsi] əsas mövzulardan biri olacaq. Əfqanıstan ATƏT-in məsuliyyət zonasına daxil olmasa da, təşkilatın 43 üzv ölkəsi sədrliyimiz dövründə əfqan probleminə cəlb olunub", - o, qeyd edib.
Sammit dekabrın 1-2-də keçiriləcək və orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda keçirilib.
Saudabayevin sözlərinə görə, ATƏT-in Əfqanıstanla bağlı başlıca prinsipi problemin hərbi yolla nizamlanmasına nail olunmadığını nəzərə alaraq, məsələnin həllinə yanaşmanın kökündən dəyişdirilməsidir.
"Biz Əfqanıstanın bərpasına böyük diqqət yetirməyi qarşımıza məqsəd qoymuşuq. Söhbət məktəblərin, xəstəxanaların, yolların tikintisi kimi konkret humanitar layihələrdən gedir", - o deyib.
Saudabayev hesab edir ki, indi Əfqanıstanı müharibədən sonrakı həyata hazırlamaq lazımdır.
"Biz əfqanları iqtisadi əlaqələrə cəlb edə bilərik. Biz onları başa salmalıyıq ki, onlara indi əldə silah olmadan yaşamaq lazımdır və bunu edə bilərlər", - o, bildirib.
İyirmi ildən artıq bir müddətdə davam edən hərbi əməliyyatlar nəticəsində Əfqanıstan iqtisadiyyatı tamamilə dağılıb. Əhalinin təxminən üçdə biri ölkəni tərk edib, indiyədək Pakistan ərazisində 1,2 milyona yaxın, İran ərazisində isə 1,4 milyon əfqan qaçqını var. Müəssisələrin əksəriyyəti dağılıb, ölkənin ayrı-ayrı hissələri və başqa dövlətlər arasında nəqliyyat və ticarət əlaqələri pozulub.