Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir А.Qasımova/
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi noyabrın 21-22-də Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Semnebi səfər çərçivəsində azadlığa buraxılmış gənc fəallar Adnan Hacızadə, Emin Milli və onların ailələri ilə görüşəcək, həmçinin Aİ ölkələri səfirliklərinin nümayəndələri ilə müzakirələr aparacaq. Semnebi həftənin sonunda müntəzəm işgüzar səfərlə Bakıya qayıtmağı planlaşdırır. O, Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər aparacaq.
Salyan rayon məhkəməsi Emin Millinin şikayətlərinə baxaraq cümə günü onun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar çıxarıb. Bu barədə Trend-ə vəkil İsaxan Aşurov deyib.
Məhkəmə məhkumun həbsxanada keçirməli olduğu vaxtın qalan hissəsini təcrübə müddətinə dəyişmək barədə qərar qəbul edib.
Cümə axşamı Bakı Apelyasiya Məhkəməsi Adnan Hacızadə ilə bağlı eyni qərarı çıxarıb.
Adnan Hacızadə digər gənc Emin Milli ilə birgə ötən il iyulun 8-də paytaxt restoranlarından birində baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.