Hazırda İran dənizdə ekoloji sahədə, ticarətdə və "svop" sxemi üzrə gələcək fəaliyyətlə bağlı tədbirlər planının hazırlanması üzərində işləyir. İran sahilyanı dövlətlərlə əməkdaşlıq məsələlərinin müzakirəsinə yönələn "Xəzərdə İranın Doktrinası" adlı sənəd hazırlayır. Bu barədə İran Prezidentinin Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə xüsusi nümayəndəsi Məhəmmədmehdi Axundzadə Xəzəryanı ölkələrin sammitinin (18 noyabr) yekunları üzrə mətbuat konfransında deyib. Məlumatı MEHR agentliyi yayıb.
Onun sözlərinə görə, İran sahilyanı ölkələrin maraqları nəzərə alınmaqla, dənizin ədalətli bölüşdürülməsi mövqeyinə hər zaman sadiqdir.
Xəzəryanı dövlətlər tərəflərin mövqelərinin daha çox üst-üstə düşdüyü məsələlərdə daha fəal olmalıdırlar, - Axundzadə qeyd edib.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstan ilə Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.