...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ATƏT-dən daha qətiyyətli mövqe gözləyir

Siyasət Materials 24 Noyabr 2010 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı gözləyir ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində daha qətiyyətli mövqe tutacaq və açıq şəkildə bunu bəyan edəcək. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Astana sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hər hansı bir sazişin imzalanmasının mümkünlüyünə toxunan Məmmədov bildirib ki, belə məlumata malik deyil.

"Müəyyən işlər aparılır", - Məmmədov vurğulayıb.

ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək, orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

ATƏT-in yüksək səviyyəli sammitləri 1975-ci ildə təşkilatın yarandığı andan keçirilir. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda baş olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti