Gürcüstan, Tbilisi, 25 noyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan parlamenti qarşısında aksiyaya toplaşan Xalq nümayəndələri yığıncağının tərəfdarlarının sayı radikal addımlar atmağa imkan vermədi. Bu barədə jurnalistlərə "Demokratik hərəkat - Vahid Gürcüstan" hərəkatının lideri Nino Burcanadze deyib.
Xalq nümayəndələri yığıncağının aksiyası Tbilisidə parlament binası qarşısında keçirilib. İştirakçılar Saakaşvilinin istefasını və vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsini tələb ediblər. Burcanadze aksiyanın təşkilatçılarından biridir.
2 saat yarım davam edən aksiyada 6 minə yaxın insan iştirak edib. Yığıncaq hakimiyyətə etimadsızlıq və bütün ölkədə ümumi itaətsizliyin təşkil edilməsi barədə qəbul edib.
"Biz daha çox dəstək gözləyirdik. Bu, lazımi qərarı qəbul edə və yerinə yetirə biləcək kütlə deyil", - Burcanadze qeyd edib.
O qeyd edib ki, yığıncaq cəmiyyətin daha fəal olmasını gözləyəcək və sonradan yeni aksiyaları elan edəcək.