...

Azərbaycan Parlamentində təmsil olunan müxalifət partiyalarının deputat qrupu yaratması mümkün olmayıb

Siyasət Materials 29 Noyabr 2010 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentində təmsil olunan müxalifət partiyalarının deputat qrupu yaratması mümkün olmayıb. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisdə təmsil olunan müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bazar ertəsi müzakirə aparmaq və gələcək birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün parlamentdə təmsil olunan müxalifət nüayəndələrinin görüşü çağırılmışdı.

"Nəzərdə tutulan adamların çoxu görüşə gəlməmişdi. Görüşdə Sabir Rüstəmxanlı (VHP), Qüdrət Həsənquliyev (BAXCP), İlyas İsmayılov (Ədalət Partiyası) və mən iştirak edirdim. Müzakirələr aparıldı, lakin heç bir razılığa gələ bilmədik. Artıq parlamentdə müxalifətin deputat qrupu olmayacaq", - Mustafa əlavə edib.

Milli Məclisin deputatı seçilmiş müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə də Trend-ə açıqlamasında görüşdə iştirak etmədiyini deyib. O qeyd edib ki, parlamentdə təmsil olunan digər müxalifət partiyaları ilə paylaşa biləcəyi heç bir mövqeyi yoxdur. Ona görə də həmin görüşdə iştirak etməyib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Dördüncü çağırış Milli Məclisin bazar ertəsi ilk iclası keçirilib və iclasda təşkilati məsələlər həll olunub.

Noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticəsi olaraq YAP Milli Məclisdə 71 yer qazanıb. Bundan əlavə, Ana Vətən Partiyası (AVP) 2, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 2, Demokratik İslahatlar Partiyası (DİP), Böyük Quruluş Partiyası (BQP), Ümid, Sosial Rifah Partiyası (SRP), Vətəndaş Birliyi Partiyası (VBP), Ədalət Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) hərəsi 1 deputatla Milli Məclisdə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti