Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyasının çərşənbə axşamı keçirilən iclasında parlament seçkiləri ilə bağlı daxil olan müraciətlərə baxılıb.
Baxılan yeddi müraciətdən dördü qanunvericilik tərəfindən şikayətlərin verilməsi üçün nəzərdə tutulan müddətin başa çatması ilə bağlı rədd edilib, iki müraciətlə bağlı şikayət təmin edilməyib, bir müraciət Azərbaycan Ali Məhkəməsinə göndərilib (89 saylı seçki dairəsində keçirilən seçkilərlə bağlı müraciət).
Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. Konstitusiya Məhkəməsinin qərarı ilə 46 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.
Azərbaycan Konstitusiya Məhkəməsi noyabrın 29-da parlament seçkilərin təsdiq edilməsi barədə qərar verib.
MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolu komissiyanın 18 üzvündən 17-si imzalayıb. MSK yekun protokolu ilə 46 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.
MSK-nın məlumatına görə, seçicilərin seçkidə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.