...

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə soydaşlarımızdan Yəmən, Bəhreyn və Omandan təxliyə ilə bağlı müraciət daxil olmayıb

Siyasət Materials 7 Mart 2011 11:45 (UTC +04:00)
Bu günədək Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə Yəmən, Bəhreyn və Omanda müvəqqəti yaşayan soydaşlarımızdan regiondakı iğtişaşlarla bağlı təxliyə olunmaq üçün müraciət daxil olmayıb.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə soydaşlarımızdan Yəmən, Bəhreyn  və Omandan təxliyə ilə bağlı müraciət daxil olmayıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir S.Ağayeva/

Bu günədək Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə Yəmən, Bəhreyn və Omanda müvəqqəti yaşayan soydaşlarımızdan regiondakı iğtişaşlarla bağlı təxliyə olunmaq üçün müraciət daxil olmayıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin birinci katibi Toğrul Qafarov bildirib.

O, deyib ki, belə müraciətlər olarsa, Azərbaycanın bu ölkələrdə də akreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyi onlara lazımi köməyi göstərəcək.

Diplomatın sözlərinə görə, bu ölkələrdə cəmi 10 nəfər Azərbaycan vətəndaşı yaşayır.

Ötən həftə Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəməndə vəziyyətin mürəkkəb olması barədə xəbərdarlıq edib, onları bu dövlətə səfərlərdən imtina etməyə çağırıb. Bu barədə nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Fevral ayından başlayaraq Yəmənin müxtəlif şəhərlərində hökumət əleyhinə nümayişlər və polislə nümayişçilər arasında iğtişaşlar başlayıb. İğtişaşlar nəticəsində yaralananlar, çoxlu sayda həbs olunanlar və öldürülənlər olub. XİN Azərbaycan vətəndaşlarına təhlükəsizlik baxımından bu ölkəyə səyahətlərin təxirə salınmasını tövsiyə edir.

Yəməndə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə və səfirliyin Ciddə şəhərindəki ofisinə müraciət etmələri tövsiyə olunur. On minlərlə nümayişçi siyasi islahatlar tələbi ilə Səna küçələrinə çıxıb.

Yəmən prezidenti Əli Abdullah Saleh bəyan edib ki, 2013-cü ildə başa çatan prezidentlik səlahiyyətlərinin müddətinin uzadılması üçün yollar axtarmır.

Yəməndəki nümayişlərdə minə yaxın adam xəsarət alıb, 20 nəfər həlak olub.

Artıq bir neçə gündür ki, Bəhreyndə də nümayiş və iğtişaşlar davam edir.

Manamanın mərkəzində nümayişçilərin qovulması zamanı altı nəfər həlak olub, 300-dən artıq aksiya iştirakçısı yaralanıb.

Etirazçılar əvvəlcə iqtisadi islahatların keçirilməsini tələb etsələr də, daha sonra siyasi tələblər - yeni Konstitusiyanın qəbul edilməsini və kral ailəsinin səlahiyyətlərinin azaldılmasını irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti