...

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq inkişaf etdirilməlidir – nazir Vecdi Gönül (MÜSAHİBƏ)

Siyasət Materials 10 Mart 2011 09:00 (UTC +04:00)
Türkiyənin müdafiə naziri Vecdi Gönülün Trend-ə müsahibəsi
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq inkişaf etdirilməlidir – nazir Vecdi Gönül (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir A.Axundov/

Türkiyənin müdafiə naziri Vecdi Gönülün Trend-ə müsahibəsi

- Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu.

Türkiyə Azərbaycanın Avroatlantik məkana inteqrasiyası çərçivəsində işləri dəstəkləyir. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlığının olduğu və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır.

11 avqust 1992-ci ildə imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması" çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir.

Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu bizim təhsil müəssisələrimizdə təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsinə töhfə verəcək.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərdə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir.

Qarşılıqlı yüksək səviyyəli səfərlərdə ifadə edildiyi kimi, iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi mümkündür. Azərbaycanın hərbi baxımdan və müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi eyni zamanda Türkiyənin güclənməsi deməkdir. İki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik ehtiyacları nəzərə alınmaqla, inkişaf etdirilməlidir.

Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir.

- Silah və sursat istehsalı, alışı və satışına dair Türkiyə-Azərbaycan arasındakı əməkdaşlıq necədir?

- Dost və qardaş ölkə Azərbaycan ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq keçmişdə olduğu kimi, indi də yüksək səviyyədədir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqədar şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir.

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci ildə "Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalandı.

Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığı yüksək səviyyədə aparılan hərbi dialoq çərçivəsində həyata keçirilir.

ASELSAN tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə 1998-ci ildə Azərbaycanda "ASELSAN-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər göstərir.

Azərbaycanın Türkiyə ilə iqtisadi, hərbi və siyasi sahədə yaxşı əlaqələrinin müdafiə sənayesi sahəsində də olmasının və müştərək istehsal kimi əməkdaşlıq üsullarının tətbiq edilməsinin əhəmiyyətli olduğunu vurğulamaq istərdim.

- İki ölkə arasında hərbi əməkdaşlıq və silah-sursat satışı ilə bağlı qarşıda hansı planlar durur?

- İki dost və qardaş ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaslığın lazımi səviyyədə olmadığını bir daha vurğulamaq istəyirəm. Türkiyə olaraq əməkdaşlıq fəaliyyətinin artırılmasını arzu edirik.

Türkiyədə son illərdə müasir müdafiə sənayesi bazası yaradılıb. Bu çərçivədə aviasiya, zirehli texnika, müdafiə elektronikası, raket sistemləri və ümumi silah sənayesi sahələrində ən son texnologiyaya sahib NATO standartlarına uyğun olan sistemlər istehsal edilir. Bundan başqa, Türkiyədə dost və qardaş ölkələrin tələbatına uyğun olaraq hərbi geyim hazırlanır. Dost və qardaş ölkə Azərbaycanın müdafiə sənayesi və hərbi geyim sahəsində ehtiyaclarının ödənilməsi kimi mövzularda Azərbaycan ilə əməkdaşlığa açıq olduğumuzu da vurğulamaq istərdim.

- Türkiyə Prezidenti Abdullah Gülün ötən il 16-17 avqustda Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış "Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə iki ölkənin əlaqələrinə nə kimi faydalar verə bilər?

- Türkiyə 30 avqust 1991-ci ildə müstəqilliyini elan edən qardaş Azərbaycan Respublikasını 9 noyabr 1991-ci ildə tanıyan ilk dövlət olmuşdur. Azərbaycanla 14 yanvar 1992-ci ildə imzalanmış protokolla diplomatik münasibətlər təsis edilmişdir.

Azərbaycanın müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çox istiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatmışdır.

Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və möhkəm təməllərə əsaslanan müxtəlif sahələrdə əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu mənada "Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir. Müqavilə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığına da müsbət töhfələr verəcək.

Xəbər lenti

Xəbər lenti