...

İlham Əliyev "Astara-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 15 Aprel 2011 21:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq "Astara-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.
İlham Əliyev "Astara-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 17:29-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq "Astara-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su-elektrik stansiyalarının tikintisi barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli müvafiq sərəncamı ilə külək və su-elektrik stansiyalarının inşasının da respublikamızda geniş tətbiqi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması barədə "Azərenerji" ASC-yə tapşırıq verilib. Prezident İlham Əliyev 2010-cu ili respublikamızda alternativ enerji mənbələrinin istifadəsi və ekologiyasının yaxşılaşdırılması istiqamətində kəskin dönüş ili elan etdikdən sonra ölkəmizdə bu istiqamətdə tədbirlər daha da genişləndirilib.

Dövlətimizin başçısı "Astara-1" kiçik su-elektrik stansiyasının əsas qurğularının yerləşməsi planı ilə tanış olub, binanın, maşın zalının görünüşünü əks etdirən fotostendlərə baxıb.

Qeyd edilib ki, yaxın illərdə respublikamızda yüzlərlə kiçik su-elektrik stansiyasının inşası nəzərdə tutulub. Bununla bağlı konkret işlər görülür. İstisu çayı üzərində tikiləcək 1,7 meqavat gücündə stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Stansiyanı işlətmək üçün İstisu çayından götürülən yüksək təzyiqli su 2 kilometr məsafədən borular vasitəsilə stansiyaya ötürüləcək. Yeni stansiyada suqəbuledici qurğu, hidroaqreqatlar, 10 kilovoltluq yarımstansiya və elektrik xətti, həmçinin digər qurğular inşa olunacaq, müasir avadanlıq quraşdırılacaq.

Prezident İlham Əliyevə məlumat verilib ki, respublikamızın alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf perspektivi mütəxəssislərin hərtərəfli müzakirəsi əsasında hazırlanan xüsusi proqram üzrə aparılacaq.

Vurğulanıb ki, Avropa Şurasına üzv ölkələrdə kiçik su-elektrik stansiyalarının potensialının əsaslı şəkildə möhkəmləndirilməsi üçün ciddi tədbirlər görülür və Azərbaycanda da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Stansiya istifadəyə verildikdən sonra ətraf kəndlərdə yaşayan 3 min abonent elektrik enerjisi ilə təmin olunacaq.

Dövlətimizin başçısı su-elektrik stansiyasının təməlini qoyub.

Prezident İlham Əliyev gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb.

Dövlətimizin başçısı energetiklərə və inşaatçılara uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti